XX əsrin sonlarında Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb və taleyüklü dövrlərindən birini yaşayırdı. 1991-ci ildə dövlət müstəqilliyi elan olunsa da, ölkədə siyasi qarşıdurma, qeyri-stabil idarəçilik, separatizm meyilləri, iqtisadi tənəzzül və ard-arda baş verən hakimiyyət böhranları müstəqilliyi ciddi təhlükə altına qoymuşdu. Belə bir şəraitdə sağlam, məsuliyyətli və milli maraqlara xidmət edən siyasi qüvvənin meydana çıxması xalqın ümumi tələb və arzusu idi. Məhz bu tarixi şərait Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasını obyektiv zərurətə çevirmişdi. Ulu Öndər Heydər Əliyevin 1992-ci il 16 oktyabr tarixində 91 nəfər tanınmış ziyalının müraciətinə cavabında söylədiyi məşhur sözlər bu zərurəti dəqiq ifadə edirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.”
Bu fikir bir tərəfdən siyasi situasiyanın real təhlilini, digər tərəfdən isə xalqın xilas yolu olan düzgün siyasi istiqamətin müəyyənləşməsini göstərirdi.
1992-ci ildə mövcud olan hakimiyyət ölkədə sabitlik yarada bilməmiş, dövlət idarəçiliyi səriştəsizlik və təcrübəsizlik səbəbindən dərin böhran yaşamaqda idi. Qarabağ müharibəsi ağır vəziyyətə düşmüş, torpaq itkisi artırmışdı. İctimai-siyasi arenada pərakəndəlik hökm sürür, cəmiyyət parçalanmış vəziyyətdə idi. Bu zaman ölkədə yeni siyasi institutun yaradılması yalnız bir təşəbbüs deyil, dövlətçiliyin xilası üçün vacib addım kimi ortaya çıxmışdı. 91 nəfər ziyalının müraciəti də məhz bu narahatlığın və məsuliyyət hissinin nəticəsi idi. Onlar Heydər Əliyevin siyasi uzaqgörənliyinə və liderlik təcrübəsinə arxalanaraq Azərbaycanı böhrandan çıxara biləcək yeni siyasi qüvvənin formalaşdırılmasını vacib hesab edirdilər. Ulu Öndərin 16 oktyabr 1992-ci il cavabı həm müraciətin mahiyyətini qiymətləndirir, həm də demokratik prinsiplərə əsaslanan yeni siyasi xəttin formalaşmasına yol açırdı. O, siyasi plüralizmi, demokratik mübarizəni və sağlam rəqabəti müstəqil dövlət quruculuğunun əsas şərtlərindən biri kimi dəyərləndirirdi. Ulu Öndər Heydər Əliyevin cavab məktubu həm də bir məqamı xüsusi vurğulayırdı: YAP yaranarsa, onun funksiyası yalnız müxalif təşkilat olmaq deyil, dövlətçilik yolunun daşıyıcısı kimi çıxış etmək olacaqdı. Bu fikir sonrakı illərdə öz təsdiqini tapdı, çünki YAP təkcə siyasi təşkilat deyil, həm də ölkənin inkişaf strategiyasının əsas ideoloji dayağına çevrildi.
1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis olunması ilə Azərbaycan siyasi həyatında yeni mərhələ başlandı. Partiyanın yaranması qısa müddətdə geniş xalq dəstəyini qazandı, çünki insanlar idarəçilikdə təcrübə, dövlətçilik düşüncəsi və milli maraqlara sadiqlik axtarırdı.
1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycanın dövlətçilik tarixi yeni istiqamət qazandı. YAP bu proseslərdə aparıcı siyasi qüvvəyə çevrilərək ölkənin inkişaf xəttinin qurulmasında əsas rol oynadı.
Yeni Azərbaycan Partiyasının yaradılması təsadüfi bir proses deyil, dövlətin taleyindən doğan obyektiv zərurət idi. Ulu Öndər Heydər Əliyevin 91 nəfər ziyalının müraciətinə verdiyi cavab bu zərurətin konseptual izahıdır. O bildirirdi ki, belə bir partiya dövlətin möhkəmlənməsi və inkişafında tarixi rol oynaya bilər – və belə də oldu.
YAP-ın yaranması Azərbaycan dövlətçiliyi üçün dönüş nöqtəsi, ölkənin siyasi həyatında sabitlik və inkişafın başlanğıcı oldu. Bu gün də partiya öz tarixi missiyasını yerinə yetirərək müstəqil, güclü və dinamik Azərbaycanın qurulmasına xidmətdədir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva




















