image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-33867f9d98e3c80eadaf84345c9a30e9

Yeganə ümid və çıxış yolu

image-legitimaz-810x90

Yeganə ümid və çıxış yolu.

1991-ci il oktyabrın 18-də Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək bununla da suveren dövlət statusunu bərpa etdi. Amma bu, hələ ölkənin və millətin arzusunda olduğu əbədi müstəqillik yolunda kövrək bir addım idi. Çünki Azərbaycanın müstəqilliyə yolu 1988-ci ildə başlamışdı. Qırmızı imperiyanın taxtı ləngər vurmağa başlayanda və SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun, siyasi karyerasına həmişə həsədlə baxdığı və hakimiyyətdə özünə ən güclü rəqib hesab etdiyi Böyük Azərbaycanlı Heydər Əliyevi məcburən istefaya göndərəndən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qonşu Ermənistan tərəfindən hədəfə alınmışdı. Ermənistanın bu istiqamətdə istənilən cəhdləri və addımları Mixail Qorbaçov başda olmaqla, dünyanın bir çox hegemon dövlətləri tərəfindən bütün vasitələrlə dəstəklənirdi.

1993-cü ilə qədər müstəqilliyini yenicə elan etmiş Azərbaycan siyasi və hərbi süqut vəziyyətində idi. Qarabağ müharibəsi, respublikada silsilə çevrilişlər, sosial əlaqələrin pozulması və iqtisadi problemlər nəinki ölkənin müstəqilliyini, onun varlığını belə təhlükə altına alırdı. Təbii ki, bütün bunları yalnız Ermənistanın Azərbaycana təcavüzü ilə bağlamaq doğru olmazdı. Əlbəttə, bu gerçək bir fakt idi, amma daha ciddi problemlər ölkənin daxilində alovlanan hakimiyyət davası, maddi resurslara sahib olmaq uğrunda çəkişmələr və dövlət idarəçiliyinin başında naşı insanların olması idi.

Tarix dönə-dönə nümayiş etdirir ki, dövlət idarəçiliyi son dərəcə mürəkkəb sistemdə münasibətlərin tənzimlənməsi prosesidir. Bu, müxtəlif dərəcədə bütün xalqın, eyni zamanda, dövlətin maraq və ehtiyaclarını nəzərə alan qərarların qəbul edilməsinə aiddir. Bundan əlavə, verilən qərarların həyata keçirilməsinin nəticələrini qabaqcadan görə bilmək və onlara reaksiyanı proqnozlaşdırmaq vacibdir.

Azərbaycanın əsrlərlə arzusunda olduğu müstəqilliyin belə təhlükədə olduğu bir dövrdə xalq üzünü Naxçıvana tutub Heydər Əliyevə səsləndi və öz liderini Bakıya hakimiyyətə dəvət etdi. Beləliklə, böyük dövlət idarəçiliyi təcrübəsinə sahib olan dərin zəka sahibi Ümummilli Lider Heydər Əliyev təcrübə və sərt qanunçuluğun dövlətin yaşaması üçün əsas şərtlərə çevrildiyi bir vaxtda – 1993-cü ildə xalqın təkidi ilə yenidən böyük siyasətə qayıtdı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. İyunun 15-i xalqımız qurtuluşu oldu və bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu.

İyunun 15-də dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Azərbaycanın qazandığı bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident cənab İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlar qazanılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyalarının əsasında, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki