YAP-ın yaranması Azərbaycan üçün sadəcə bir siyasi hadisə deyildi
Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyası (YAP) qədər davamlı inkişaf xəttinə, sabit ideoloji əsaslara və geniş ictimai dayağa malik olan başqa bir siyasi təşkilat yoxdur. YAP təkcə bir siyasi qüvvə deyil, həm də ölkənin dövlətçilik fəlsəfəsini formalaşdıran, milli inkişaf strategiyasına istiqamət verən tarixi bir missiyanın daşıyıcısıdır. Bu səbəbdən YAP-ı dünənin, bu günün və gələcəyin partiyası kimi səciyyələndirmək həm siyasi reallığın, həm də tarixi faktların məntiqi nəticəsidir.
YAP-ın yaranması Azərbaycan üçün sadəcə bir siyasi hadisə deyildi. 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən qeyri-sabitlik, iqtisadi çöküş, torpaqların işğalı və daxili çəkişmələr dövlətçiliyi təhlükə altına almışdı. Xalqın siyasi iradəsi parçalanmış, ölkəni idarə edən strukturlar öz funksionallığını itirmişdi. Məhz belə bir zamanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaradılması milli dövlətçiliyin xilası üçün obyektiv tarixi zərurət idi.
Partiyanın təsisindən sonra ölkədə sabitliyin bərpası, dövlət idarəçiliyinin sistemləşdirilməsi, ordu quruculuğunun gücləndirilməsi və iqtisadiyyatın dirçəldilməsi istiqamətində atılan addımlar Azərbaycanın bu günkü inkişafının bünövrəsini qoydu. YAP-ın “dünən”i – müstəqilliyin qorunması uğrunda atılmış addımların, güclü liderliyin və strateji düşüncənin tarixidir.
Müstəqilliyin möhkəmlənməsi və dövlət quruculuğunun tamamlanması mərhələsində YAP öz siyasi liderlik missiyasını yeni keyfiyyətlə davam etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında partiyanın ideoloji xətti və fəaliyyət istiqamətləri müasir dövrün çağırışlarına uyğunlaşdırıldı.
Bu gün YAP:
- Aparılan geniş islahatların siyasi dayağıdır;
- Dövlət idarəçiliyində şəffaflıq və məsuliyyətliliyin təmin olunmasına xidmət edir;
- İqtisadi modernləşmə, rəqəmsal transformasiya və innovasiyalar kimi sahələrdə aparıcı xətti müəyyənləşdirir;
- Qarabağ Zəfərinin siyasi və ideoloji əsaslarını formalaşdıran gücdür;
- Cəmiyyətdə milli həmrəyliyi və siyasi dialoqu təşviq edən platformadır.
YAP-ın bu günkü fəaliyyəti yalnız hökumət proqramlarının dəstəklənməsi ilə məhdudlaşmır. Partiya ölkədə sosial dinamizmi artırır, gənclərin siyasi proseslərdə fəal iştirakını genişləndirir və demokratik institutların möhkəmlənməsinə yardım edir. Bu gün YAP həm dövlətin gücünü artıran, həm də cəmiyyətin modernləşməsinə təkan verən ideoloji mərkəz rolunu oynayır.
YAP-ın dünəni tarixi xilası, bu günü sabitliyi və inkişafı, gələcəyi isə vizioner dövlətçilik modelini ifadə edir. Məhz buna görə Yeni Azərbaycan Partiyası təkcə siyasətin subyekti deyil, milli dövlətçilik ideyasının daşıyıcısı, Azərbaycan xalqının gələcəyə doğru yönəlmiş iradəsinin ifadəsidir.
YAP-ın gücü onun ideoloji davamlılığında, xalqla birliyində və dövlətçilik prinsiplərinə sarsılmaz sadiqliyindədir. Buna görə də YAP tam haqqı ilə dünənin, bu günün və gələcəyin partiyasıdır.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru
























