YAP-ın dialoq siyasətinin əsas fəlsəfəsi
Azərbaycanın siyasi tarixində son illər müşahidə edilən ən mühüm tendensiyalardan biri siyasi münasibətlər sisteminin köklü şəkildə yenilənməsi, qarşıdurma modelindən dialoq və əməkdaşlıq modelinə keçiddir. Bu dönüşün mərkəzində isə Yeni Azərbaycan Partiyasının – ölkənin aparıcı siyasi qüvvəsinin təşəbbüsləri, modern siyasi idarəetmə fəlsəfəsi və milli həmrəyliyə verdiyi strateji dəyər dayanır.
Bu gün YAP təkcə hakim partiya kimi dövlət siyasətinin icrasında deyil, həm də siyasi mədəniyyətin yenilənməsində lokomotiv rolunu oynayır. Partiyanın son illər həyata keçirdiyi siyasi dialoq təşəbbüsləri cəmiyyətin müxtəlif ideoloji təbəqələrini bir masa arxasında birləşdirərək milli mənzərəni daha sağlam, daha inklüziv və daha perspektivli edir.
Müstəqilliyin ilk illərində siyasi sistemdə hökm sürən qarşıdurma, çəkişmə və qeyri-sabitlik müasir dövrdə yerini konstruktiv əməkdaşlığa verib. Bunun səbəbi təkcə zamanın dəyişməsi deyil, həm də dövlət idarəçiliyinin daha yetkin mərhələyə keçməsi, demokratik institutların möhkəmlənməsi və milli mənafelərin üstün tutulmasıdır.
YAP-ın təşəbbüsü ilə formalaşan siyasi dialoq mühiti artıq təsadüfi proses deyil – bu, məqsədyönlü, ardıcıl və strateji dövlət siyasətidir. Məqsəd isə aydındır: milli məsələlərdə birlik, siyasi məsələlərdə rəqabət, dövlətçilikdə həmrəylik.
YAP-ın siyasi dialoq təşəbbüsünün mərkəzində aşağıdakı prinsiplər dayanır: Partiya bütün siyasi qüvvələri ideologiyadan asılı olmayaraq dövlətçiliyin əsas prioritetləri ətrafında birləşdirir.
Müxalifət partiyaları ilə davamlı görüşlər, müzakirələr və məsləhətləşmələr artıq siyasi ənənəyə çevrilməkdədir.
YAP siyasi mübarizənin destruktiv deyil, konstruktiv xarakter daşımasını müdafiə edir.
Partiyanın təşəbbüsü ilə bir çox partiyalar hüquqi statuslarını yeniləyib, proqram və nizamnamələrini modernləşdirib.
Bu nəticələr göstərir ki, YAP-ın yaratdığı platforma təkcə siyasi mədəniyyətin dəyişməsinə deyil, həm də idarəetmədə yeni keyfiyyət mərhələsinin formalaşmasına xidmət edir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal























