“Xocalıya ədalət!” hərəkatının təsiri böyük olmuşdur.
XX əsrin sonlarında Azərbaycan xalqının üzləşdiyi ən ağır faciələrdən biri Xocalı soyqırımı olmuşdur. Bu faciə təkcə bir şəhərin deyil, bütövlükdə xalqımızın taleyində dərin və sağalmaz izlər buraxdı. 1992-ci ilin fevralında baş vermiş bu qanlı hadisə nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar amansızlıqla qətlə yetirildi, minlərlə insan yaralandı, əsir və girov götürüldü. Xocalı şəhəri yerlə-yeksan edildi, sakinləri isə doğma yurd-yuvalarından didərgin salındı. Bu hadisə beynəlxalq humanitar hüququn, insan hüquqlarının kobud şəkildə pozulması, insanlığa qarşı törədilmiş ağır cinayət idi. Lakin həmin dövrdə və sonrakı illərdə Azərbaycan xalqının haqlı səsinə dünya ictimaiyyəti tərəfindən lazımi səviyyədə reaksiya verilmədi. Bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilsin, onu törədənlər beynəlxalq məhkəmələr qarşısında cavab versinlər. Ancaq əfsuslar olsun ki, bir çox beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri bu faciəyə biganə yanaşır, bəzən isə açıq və ya gizli şəkildə Ermənistan dövlətinin törətdiyi bu cinayəti ört-basdır etməyə çalışırdılar. İkili standartlar, siyasi maraqlar və geosiyasi oyunlar həqiqətin üzə çıxmasına mane olurdu. Belə bir şəraitdə Azərbaycan dövləti və xalqı susmadı. Həqiqətlərin dünyaya çatdırılması istiqamətində ardıcıl və sistemli fəaliyyətə başlandı. Məhz bu məqsədlə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası yaradıldı. Bu təşəbbüsün əsas məqsədi Xocalı faciəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, soyqırımın tanınmasına nail olmaq və cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq təzyiq mexanizmi formalaşdırmaq idi. “Xocalıya ədalət!” hərəkatı qısa müddətdə geniş coğrafiyanı əhatə etdi. Dünyanın müxtəlif ölkələrində konfranslar, sərgilər, anım mərasimləri, yürüşlər və məlumatlandırma tədbirləri keçirildi. Xarici ölkələrin parlamentlərində dinləmələr təşkil olundu, sənədli filmlər nümayiş etdirildi, kitablar nəşr olundu, kütləvi informasiya vasitələrində məqalələr dərc edildi. Bu fəaliyyət nəticəsində Xocalı soyqırımı barədə beynəlxalq məlumatlılıq əhəmiyyətli dərəcədə artdı. Əvvəllər bu faciə haqqında demək olar ki, məlumatı olmayan insanlar artıq onun mahiyyətini, miqyasını və səbəblərini öyrənməyə başladılar. Zaman keçdikcə bu səylər öz real nəticəsini verdi. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması mühüm siyasi və mənəvi qələbə idi. Bu tanınmalar təkcə hüquqi akt deyil, həm də tarixi ədalətin bərpası istiqamətində atılmış ciddi addım idi. Hər bir tanınma Azərbaycan xalqının haqq səsinin eşidildiyini, həqiqətin gec də olsa öz yerini tapdığını göstərirdi. Bu, həm də beynəlxalq ictimaiyyətə mesaj idi ki, insanlığa qarşı törədilmiş cinayətlər zaman aşımına məruz qalmır və gec-tez hüquqi-siyasi qiymətini alır. Azərbaycan dövləti Xocalı həqiqətlərinin tanıdılması ilə yanaşı, işğal altında olan torpaqlarının azad edilməsi istiqamətində də siyasi, diplomatik və hərbi sahədə ardıcıl siyasət yürüdürdü. Nəhayət, 2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi dönüş nöqtəsi oldu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad etdi və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici addım atıldı. Bu müharibə və qazanılan şanlı Zəfər həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Vətən müharibəsində qazanılan Qələbə Xocalı soyqırımının qurbanlarının da ruhuna bir təsəlli idi. Çünki bu Qələbə göstərdi ki, ədalət gecikə bilər, lakin itmir. İşğalçı siyasət iflasa uğradı, beynəlxalq hüququn prinsipləri bərpa olundu. Azərbaycan xalqı sübut etdi ki, o, öz torpaqlarını azad etməyə, öz suverenliyini təmin etməyə qadirdir. Bunun davamı olaraq, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi xüsusi tarixi və simvolik məna daşıyırdı. Xocalının azad olunması sadəcə bir ərazinin nəzarətə götürülməsi deyildi. Bu, 30 ildən artıq davam edən ədalətsizliyə son qoyulmasının rəmzi idi. Şəhidlərin qanı yerdə qalmadı, məcburi köçkünlərin doğma torpaqlarına qayıdış yolu açıldı. Xocalının azad olunması ilə Azərbaycan dövləti bir daha göstərdi ki, tarixi yaddaşını unutmur və öz vətəndaşlarının hüquqlarını sona qədər müdafiə edir. Ədalət yolunda atılan son addımlardan biri isə müharibə cinayətkarlarına qarşı Bakıda keçirilmiş məhkəmə prosesi oldu. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış şəxslər məhkəmə qarşısında cavab verməli oldular. Bu məhkəmə prosesi təkcə hüquqi prosedur deyil, həm də tarixi ədalətin təntənəsi idi. Uzun illər cəzasız qalan cinayətlərin hüquqi müstəvidə araşdırılması və qiymətləndirilməsi beynəlxalq hüququn aliliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu gün artıq demək olar ki, Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, beynəlxalq ictimaiyyətin də gündəmində olan məsələlərdən biridir. Bu, uzunmüddətli, səbirli və prinsipial mübarizənin nəticəsidir. Hər bir tədbir, hər bir çıxış, hər bir sənəd və hər bir diplomatik təşəbbüs bu böyük məqsədə – ədalətin bərpasına xidmət edib. Nəticə etibarilə, “Xocalıya ədalət!” hərəkatı sadəcə bir şüar deyil, milli iradənin, tarixi yaddaşın və hüquqi ədalətə inamın təcəssümüdür. Bu hərəkat göstərdi ki, həqiqət nə qədər gizlədilməyə çalışılsa da, gec-tez üzə çıxır. Azərbaycan xalqı ədalət yolunda addım-addım irəlilədi: əvvəl beynəlxalq tanınmalar əldə olundu, sonra Vətən müharibəsində Qələbə qazanıldı, Xocalı azad edildi və nəhayət, cinayətkarlar məhkəmə qarşısında cavab verdilər. Bu gün biz qürurla deyə bilərik ki, Xocalı qurbanlarının xatirəsi əbədiləşdirilib, onların haqq səsi dünyaya çatdırılıb və ədalət yolunda mühüm nailiyyətlər əldə olunub. Lakin bu mübarizə yalnız keçmişə yönəlməyib – o, gələcəyə də xidmət edir. Çünki ədalətin bərpası yalnız bir xalq üçün deyil, bütövlükdə bəşəriyyət üçün vacibdir. “Xocalıya ədalət!” hərəkatı da məhz bu ali məqsədə xidmət edən tarixi və mənəvi bir missiyadır.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova
























