“Xocalıya ədalət!” hərəkatının təsiri böyük olmuşdur.
İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, “Xocalıya ədalət!” çağırışı illər boyu aparılan məqsədyönlü mübarizənin nəticəsi kimi bu gün artıq öz real təcəssümünü tapır. Dövlət başçısının vurğuladığı kimi, “Xocalıya ədalət!” hərəkatının təsiri böyük olmuş, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır. 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı Azərbaycan tarixində ən ağır faciələrdən biri kimi yadda qaldı. Uzun illər bu dəhşətli hadisə ilə bağlı həqiqətlərin beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl fəaliyyət həyata keçirildi. “Xocalıya ədalət!” hərəkatı məhz bu məqsədlə başladılan və qısa müddətdə geniş coğrafiyanı əhatə edən beynəlxalq informasiya kampaniyasına çevrildi.
Hərəkat müxtəlif ölkələrdə keçirilən konfranslar, sərgilər, anım tədbirləri və maarifləndirmə aksiyaları vasitəsilə Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı. Xarici parlamentlərdə qəbul olunan qətnamələr, faciənin soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanınması istiqamətində atılan addımlar bu təşəbbüsün real nəticələrindəndir. Bu fəaliyyət həm informasiya müharibəsində üstünlük qazandırdı, həm də beynəlxalq hüquqi müstəvidə ədalət tələbini gücləndirdi. Prezident İlham Əliyevin memorialın açılışındakı çıxışı göstərdi ki, “Xocalıya ədalət!” artıq yalnız şüar deyil, gerçəkləşən tarixi ədalətin rəmzidir. Memorial Kompleksin məhz Xocalıda ucaldılması həm faciə qurbanlarının xatirəsinə ehtiram, həm də uzun illər davam edən mübarizənin məntiqi nəticəsidir. Bu gün həmin torpaqda ucalan abidə təkcə keçmişi anmaq üçün deyil, gələcək nəsillərə həqiqətləri çatdırmaq üçün mühüm bir məkan rolunu oynayır.
“Xocalıya ədalət!” hərəkatının ən böyük uğurlarından biri də gənc nəslin milli yaddaş ruhunda formalaşmasına verdiyi töhfədir. Bu təşəbbüs nəticəsində Xocalı faciəsi təkcə bir xalqın deyil, beynəlxalq ictimaiyyətin diqqətində olan humanitar məsələ kimi təqdim edildi. Hərəkat həmrəylik, vətəndaş məsuliyyəti və milli birliyin güclənməsinə xidmət etdi.
Bu gün Xocalıda ucaldılan Memorial Kompleks illərlə davam edən həqiqət mübarizəsinin simvoluna çevrilib. Prezidentin çıxışında səsləndirilən fikirlər bir daha təsdiqləyir ki, ədalətə gedən yol uzun və çətin olsa da, məqsədyönlü siyasət və milli həmrəylik nəticə verir.
Beləliklə, “Xocalıya ədalət!” hərəkatı təkcə informasiya kampaniyası deyil, həm də tarixi yaddaşın qorunması və ədalətin bərpası istiqamətində aparılan mübarizənin mühüm mərhələsidir. Bu gün Xocalıda dalğalanan bayraq, ucalan memorial və səslənən həqiqət səsi həmin hərəkatın gücünü və təsirini bir daha nümayiş etdirir.
Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov
























