image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-643845046_1469818784497895_6706632653106585183_n

Xocalıda ucalan Memorial Kompleks bizə daim ayıq olmağı xatırladır

image-legitimaz-810x90

Xocalıda ucalan Memorial Kompleks bizə daim ayıq olmağı xatırladır.

Xocalıda Memorial Kompleksin açılışı təkcə bir memarlıq abidəsinin istifadəyə verilməsi deyil, bu hadisə tarixi ədalətin bərpasının rəmzidir. Bu məkan xalqımızın silinməz yaddaşını özündə yaşadan, keçmişin ağrısını gələcəyə məsuliyyət kimi daşıyan müqəddəs bir ünvan kimi ucalır. Xocalı torpağında ucaldılan bu kompleks illərlə qəlbimizdə yaşatdığımız inamın, səbrin və qətiyyətin real təcəssümüdür.

Vaxtilə layihəsi hazır olan, hətta Bakıda inşa edilməsi planlaşdırılan bu abidənin məhz Xocalıda tikilməsi xüsusi mənəvi məna daşıyır. Bu qərar sadəcə məkan seçimi deyildi – bu, tarixi ədalətin yerini tapması idi. Çünki Xocalı faciəsinin izləri məhz bu torpaqda qalıb, bu torpaq şəhidlərin qanı ilə suvarılıb. Memorialın Xocalıda ucalması həm şəhidlərin ruhuna ehtiram, həm də xalqın əyilməz iradəsinin nümayişidir.

Heydər Əliyev Fondu tərəfindən hazırlanan layihənin həyata keçirilməsi xalqın yaddaş siyasətinin mühüm hissəsidir. Bu kompleks yalnız keçmişə baxış deyil, həm də gələcək nəsillərə ünvanlanmış bir mesajdır: tariximizi unutmaq olmaz. Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmaz yara kimi qalır və bu yaranı unutmaq deyil, ondan nəticə çıxarmaq bizim borcumuzdur.

Xocalı soyqırımı bəşər tarixinin ən faciəli səhifələrindən biridir. Dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər təkcə bir xalqın deyil, bütün insanlığın faciəsidir. Bu hadisəni unutmaq ədalətsizliyə göz yummaq demək olardı. Məhz buna görə Memorial Kompleks milli yaddaşın canlı simvoluna çevrilir.

Bu gün Azərbaycan xalqı sülh və sabitlik şəraitində yaşayırsa, bu, güclü dövlətin, güclü ordunun və milli birliyin nəticəsidir. Tarix göstərdi ki, yalnız güclü xalq öz təhlükəsizliyini təmin edə bilər. Düşmənin qorxusu da məhz bu gücdən qaynaqlanır. Güc isə təkcə hərbi qüdrət deyil – bu, həm də milli ruh, birlik, vətən sevgisi və ədalətə inamdır.

Xocalıda ucalan Memorial Kompleks bizə daim ayıq olmağı xatırladır. O, keçmişin dərsini unutmamağa, gələcəyi isə daha güclü qurmağa çağırır. Bu abidə həm hüznün, həm də qürurun rəmzidir. Hüzn – itirilən canlara görə, qürur isə ədalətin gec də olsa təntənə çalmasına görə.

Xocalıdakı Memorial Kompleks təkcə bir abidə deyil, milli iradənin, sarsılmaz yaddaşın və qazanılmış ədalətin simvoludur. O, xalqımızın tarixə sədaqətinin və gələcəyə inamının əbədi nişanəsidir.

 

Kəmalə Əliyeva – Qaravəlli kənd tam orta ümumtəhsil məktəbinin direktoru.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki