XOCALI MEMORİAL KOMPLEKSİ – ƏDALƏTİN SİMVOLU!
2026-cı il fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı baş tutdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə çıxış edərək həm faciənin mahiyyətini, həm də son illərdə əldə olunmuş tarixi-siyasi nəticələri geniş şəkildə təhlil etdi. Bu çıxış təkcə anım nitqi deyil, həm də 30 ildən artıq davam edən mübarizənin siyasi yekunu kimi qiymətləndirilə bilər. Bu mərasim bir daha göstərdi ki, Xocalı faciəsi Azərbaycan xalqı üçün təkcə keçmişin ağrısı deyil, həm də gələcəyin məsuliyyətidir. Cənab Prezident İlham Əliyevin çıxışı bu məsuliyyətin dövlət səviyyəsində necə dərk edildiyini və hansı ardıcıl siyasi xətt üzərində qurulduğunu aydın şəkildə ortaya qoydu. Çıxışda səsləndirilən fikirlər bir daha bütün dünyaya açıq mesaj olaraq təqdim olundu: Xocalıda baş verənlər sıradan müharibə faciəsi deyil, məqsədli şəkildə həyata keçirilmiş etnik nifrət aktıdır. Günahsız insanların qətlə yetirilməsi, ailələrin məhv edilməsi, uşaqların və qadınların amansızcasına öldürülməsi XX əsrin ən ağır cinayətlərindən biri kimi tarixdə qalacaq. Azərbaycan cəmiyyəti bu vəhşiliyi törədənləri qətiyyətlə pisləyir və bu cinayətin arxasında dayanan Ermənistan dövlətinin məsuliyyətdən yayınmaq cəhdlərini rədd edir. Xocalı həqiqətləri nə qədər ört-basdır edilməyə çalışılsa da, zaman və faktlar həmişə ədalətin tərəfində olub. 2023-cü ildə Xocalının azad edilməsindən sonra başlanan yeni mərhələnin rəmzidir. Cənab Prezident iki il əvvəl təməli qoyulan kompleksin məhz Xocalıda inşa olunmasını xüsusi vurğulayaraq bildirdi ki, layihə əvvəllər Bakıda reallaşdırıla bilərdi, lakin onun daxili inamı bu memorialın məhz azad edilmiş Xocalıda ucaldılacağını deyirdi. Bu məqam siyasi baxımdan belə şərh oluna bilər ki, ədalət yalnız ərazi üzərində suverenlik təmin olunduqdan sonra tam bərpa olunur.
Cənab Prezident İlham Əliyev Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verərək dedi: “Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır.” O, bir gecədə 600-dən çox mülki şəxsin, o cümlədən 106 qadının və 63 uşağın qətlə yetirildiyini, 150 nəfərin itkin düşdüyünü xatırladaraq bunun planlı və sistemli cinayət olduğunu vurğuladı. Burada cənab Prezident hadisəni təkcə Azərbaycan xalqına qarşı yox, insanlığa qarşı cinayət kimi təqdim edir. Bu yanaşma Xocalı məsələsinin beynəlxalq hüquq müstəvisində mövqeləndirilməsinə xidmət edir. Cənab Prezident çıxışında “Heydər Əliyev Fondu”nun fəaliyyətini xüsusi qeyd etdi: “Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi.” Bu təşəbbüsün Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən həyata keçirildiyini vurğulayan cənab Prezident bildirdi ki, 20 ilə yaxın müddətdə dünyanın müxtəlif ölkələrində tədbirlər, konfranslar, nəşrlər vasitəsilə həqiqətlər yayılıb. Bu hissə göstərir ki, Xocalı məsələsi yalnız hərbi yox, həm də informasiya və diplomatik mübarizə predmetidir. Xocalı faciəsi xalqımızın ruhunu sındırmadı, əksinə, onu daha da möhkəmləndirdi. Məhz bu ruh, bu iradə və bu yaddaş sayəsində Xocalı həqiqətləri yaşayır və yaşayacaq. Tarixi yaddaşın əbədiləşdirilməsi, dövlət suverenliyinin təsdiqi, hərbi və hüquqi ədalətin tamamlanması və milli birliyin nümayişi kimi məna qatlarını özündə birləşdirir. Cənab Prezidentin çıxışı göstərdi ki, Xocalı artıq yalnız faciə simvolu deyil həm də qalib və güclü dövlətin yaddaş rəmzidir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova























