Xəzər dənizinin su ehtiyatının azalması problemi davam edir
Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. Dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir.
Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.
Azərbaycan əhalisinin yarıdan çoxu Xəzər sahillərində yaşayır. 1978-1995-ci ilə qədər dənizin səviyyəsi qalxıb. O dövrdə Azərbaycanın sahil zonasının 50 min hektarı su altında qaldı. Nəticədə 2 milyard dollar ziyan vurdu. Hazırda su səviyyəsinin azalması ilə su altında qalan ərazinin 75 faizi artıq azad olunub.
Xəzər dənizi hazırda səviyyə azalmaları və su balansının pozulması ilə ciddi şəkildə üzləşir. Son illərdə aparılan elmi tədqiqatlar göstərir ki, iqlim dəyişmələri, çay axınlarının azalması və səmərəsiz suvarma texnologiyaları dənizin səviyyəsinə mənfi təsir göstərir. Bu isə yalnız ekologiyaya deyil, həm də region ölkələrinin iqtisadiyyatına və kənd təsərrüfatına əhəmiyyətli təsir göstərir. Buna görə də Xəzərin qorunması üçün texnoloji tədbirlərin həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ictimai məlumatlılığın artırılması vacibdir.
Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Gülbəniz Həsənova