Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir
Prezident cənab İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına üzv qəbul edilməsinədə toxunub. Məhz bu kontekstdə ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına üzvlüyü xüsusi əhəmiyyət kəsb edir. Məhz bu amili dövlət başçısı sözügedən müsahibədə xüsusi qeyd edib: “Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Hesab edirəm ki, bu da nadir hadisə sayıla bilər. Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik. Mən Prezident kimi artıq iki il ardıcıllıqla fəxri qonaq kimi Zirvə görüşlərinə dəvət olunurdum. Amma iştirakımla keçirilən üçüncü Zirvə görüşündə artıq tamhüquqlu üzv seçildik”. Bu platforma Mərkəzi Asiya ölkələrinin liderlərinə regional əməkdaşlığı inkişaf etdirmək, sabitliyi təmin etmək və iqtisadi məsələləri müzakirə etmək imkanı yaradır.
2018-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə təsis olunan platforma çərçivəsində Daşkənd, Nur-Sultan, Aşqabad və digər şəhərlərdə baş tutan görüşlərdə iştirakçılar regional məsələlər və beynəlxalq əməkdaşlıq gündəliyini müzakirə ediblər. Ötən il noyabrın 16-da isə Özbəkistanın paytaxtı Daşkənddə “Mərkəzi Asiya + Azərbaycan” formatında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirildi. Bu toplantıda Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu üzv olaraq qəbul edilməsi barədə qərar rəsmi şəkildə təsdiqləndi. Bu gün Mərkəzi Asiya – Azərbaycan birliyi həm region, həm də qlobal miqyasda ciddi strateji əhəmiyyət daşıyır. Müasir beynəlxalq münasibətlərdə bağlantılar, nəqliyyat və logistika əsas geosiyasi alətlərdən birinə çevrildiyi dövrdə Mərkəzi Asiyanı Qərblə etibarlı şəkildə birləşdirə bilən yeganə real ölkə məhz Azərbaycandır. Fakt olaraq alternativ marşrutlardan danışmaq mümkün olsa da, mövcud geosiyasi reallıqlar fonunda bu variantların Qərb üçün qəbul edilən olmadığı artıq aydın görünür. Məhz bu səbəbdən Azərbaycanın “canlı körpü” və etibarlı tərəfdaş kimi rolu sürətlə artır. Ölkəmiz təkcə tranzit ərazisi deyil, böyük regional layihələri icra edən əsas mərkəz kimi diqqət çəkir. Bunun əməli nəticələri də göz önündədir: Azərbaycan ərazisindən keçən yüklərin həcmi davamlı şəkildə artır və ilk dəfə olaraq 100 min ədəd konteyner tranzit yük kimi ölkəmizin ərazisindən keçib. Üstəlik, bu rəqəm son nöqtə də deyil. Artan tələbat fonunda Azərbaycan nəqliyyat infrastrukturunun genişləndirilməsinə əlavə investisiyalar yönəldilir. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında təmsilçilik Azərbaycanın beynəlxalq sistemdə artan çəkisinin növbəti təsdiqidir.
Vüsalə Kərimova – Zərdab şəhər 1 saylı məltb liseyin direktoru


























