Xarici siyasətdə balans və müstəqillik nümunəsi
Azərbaycan Respublikasının müasir xarici siyasət kursu çoxşaxəli, balanslı və milli maraqlara əsaslanan strategiya üzərində qurulmuşdur. Bu siyasətin əsas məqsədi ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, regional və qlobal əməkdaşlıq imkanlarının genişləndirilməsi, eyni zamanda milli təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsidir. Son illərdə əldə edilən mühüm diplomatik uğurlar sırasında Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi xüsusi əhəmiyyət kəsb edir və ölkəmizin xarici siyasət tarixində mühüm mərhələ kimi dəyərləndirilir.
Mərkəzi Asiya Məşvərət Şurası region ölkələri arasında siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın artırılması və birgə maraqların təmin edilməsi məqsədi ilə fəaliyyət göstərən mühüm platformadır. Azərbaycanın bu quruma tamhüquqlu üzv kimi qəbul olunması, ilk növbədə, ölkəmizin regionda etibarlı tərəfdaş və sabitlik amili kimi qəbul edildiyini təsdiqləyir. Bu üzvlük Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud olan tarixi, mədəni və mənəvi bağların yeni institusional çərçivədə möhkəmləndirilməsinə geniş imkanlar açır.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələr ortaq türk irsi, dil, mədəniyyət və dəyərlər üzərində formalaşıb. Uzun illər bu bağlar əsasən mədəni-humanitar müstəvidə inkişaf etsə də, Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına üzvlüyü bu münasibətlərin siyasi və strateji ölçüsünü daha da gücləndirir. Bu, ortaq tarixi köklərin real siyasi əməkdaşlığa çevrilməsinin bariz nümunəsidir.
Tam hüquqlu üzvlük Azərbaycanın regional iqtisadi layihələrdə rolunu daha da artırır. Xüsusilə nəqliyyat-logistika sahəsində ölkəmizin strateji mövqeyi Mərkəzi Asiya ölkələri üçün mühüm əhəmiyyət daşıyır. Orta Dəhliz layihəsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətləri çərçivəsində Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında əsas körpü rolunu oynayır. Şuraya üzvlük bu əməkdaşlığı institusional əsasda genişləndirərək ticarət dövriyyəsinin artmasına, investisiya axınının güclənməsinə və enerji təhlükəsizliyi sahəsində yeni təşəbbüslərin reallaşmasına şərait yaradır.
Azərbaycanın bu quruma üzvlüyü eyni zamanda ölkəmizin balanslaşdırılmış xarici siyasət strategiyasının uğurla həyata keçirildiyini göstərir. Azərbaycan həm Avropa, həm Asiya, həm də türk dünyası ilə paralel və qarşılıqlı faydaya əsaslanan münasibətlər qurur. Mərkəzi Asiya Məşvərət Şurasında təmsil olunmaq ölkəmizin heç bir qütbə bağlı olmadan, müstəqil və milli maraqlara söykənən siyasət apardığını bir daha sübut edir.
Azərbaycan regionda sülh, sabitlik və əməkdaşlığın tərəfdarı kimi tanınır. Şuraya üzvlük ölkəmizə regional problemlərin dialoq yolu ilə həllinə töhfə vermək, təhlükəsizlik və sabitlik məsələlərində fəal mövqe tutmaq imkanı yaradır. Bu isə yalnız Azərbaycanın deyil, bütövlükdə Mərkəzi Asiya və ətraf regionların təhlükəsizliyinə xidmət edir.
Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi xarici siyasətimizin mühüm nailiyyəti olmaqla yanaşı, ölkəmizin regional və beynəlxalq mövqeyinin möhkəmlənməsinin bariz göstəricisidir. Bu üzvlük Azərbaycan üçün yeni siyasi, iqtisadi və strateji imkanlar açır, eyni zamanda türk dünyasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir. Əldə olunan bu uğur göstərir ki, Azərbaycanın düşünülmüş, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət kursu gələcəkdə də yeni nailiyyətlərə yol açacaqdır.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim





















