image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1683358771_4186_1623406766

Xaricdə yaşayan azərbaycanlıların uğurlu lobbi siyasəti

image-legitimaz-810x90

Xaricdə yaşayan azərbaycanlıların uğurlu lobbi siyasəti.

Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır.Dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən faktorlardan biri də dövlətimiz tərəfindən həyata keçirilən rasional diaspor siyasətidir. Sirr deyil ki, Azərbaycanın həm də beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında irəliləyişinin təmin olunması, mövqeyinin güclənməsi naminə həyata keçirilən çoxtərəfli diaspor siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün isə xarici siyasət strategiyasının mühüm istiqaməti və elementi qismində səciyyələndirilən diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə uğurla həyata keçirilir. Milli ideologiya əsasında davam etdirilən diaspor siyasətinin uğurlu nəticələri kimi, ölkəmizi təmsil edən diaspor təşkilatlarının fəaliyyətinin əhatə dairəsi genişlənir, səmərəlilik səviyyəsi isə daha da artır. Bunlar isə, nəticə etibarilə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi və soydaşlarımızın birliyinin daha da möhkəmlənməsi işinə önəmli töhfələr verir.Bir sözlə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin aktual çağırışlara müvafiq surətdə həyata keçirdiyi uğurlu diaspor siyasətinin qanunauyğun nəticəsi kimi, hazırda milli həmrəyliyin təmin və mühafizə olunması, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, onların təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli nailiyyətlər əldə edilib.Eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında, bir-biri ilə əlaqələrinin yaranmasında, diasporumuzun fəaliyyətinin güclənməsində və Azərbaycan həqiqətlərinin daha geniş təbliğində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fond xarici ölkələrdəki fəaliyyətini üç əsas istiqamət üzrə qurur. Bunlar həmin ölkələrdə humanitar layihələrin həyata keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan tədbirlərin təşkili və Azərbaycan torpaqlarının işğalı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Bir sözlə, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun həyata keçirdiyi tədbirlərin əhəmiyyəti və miqyası Azərbaycanın dünyada təbliğində, dünya azərbaycanlılarının vahid məfkurə ətrafında birləşməsində çox mühüm yer tutur.
Dünya Azərbaycanlılarının qurultayları milli birliyin gücləndirilməsinə mühüm töhfələr verirSoydaşlarımızın milli birliyinə nail olunması istiqamətində ən önəmli vasitələrdən biri də, heç şübhəsiz, Dünya Azərbaycanlılarının qurultaylarıdır. Ümumiyyətlə, Dünya Azərbaycanlılarının Qurultayı xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi platforma kimi müstəsna əhəmiyyət kəsb edir.
Ulu öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamına əsasən, 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli həmrəyliyinin daha da gücləndirilməsi yönündə aparılan işləri sürətləndirməklə yanaşı, Azərbaycan dövlətinin diaspora və lobbi siyasətinin daha intensiv və keyfiyyətli xarakter almasına yol açdı. Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin I Qurultayda etdiyi tarixi çıxış milli həmrəyliyimizin, azərbaycançılıq ideyasının daha da gücləndirilməsi, milli birliyə nail olunması və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində mühüm əhəmiyyətə malikdir. Ulu öndər öz çıxışında bildirmişdi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir – ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimilyasiya prosesi də var. İnsanlar – mən azərbaycanlılar haqqında danışıram – gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.Bu fikirlər həm də milli birliyimizin möhkəmləndirilməsi istiqamətində mayak rolunu oynadı və bu yolda gələcək vəzifələrin müəyyənləşdirilməsində əsas kimi çıxış etdi. Məhz bu tezislər tez bir zamanda xarici ölkələrdə yaşayan azərbaycanlıların ümummilli problemlərimiz istiqamətindəki təbliğatı gücləndirməsinə imkan verdi. Artıq dünya azərbaycanlıları dərk etdilər ki, onların arxasında mühüm bir güc – müstəqil Azərbaycan dövləti dayanır.Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev dünya azərbaycanlılarının milli həmrəyliyinin daha da gücləndirilməsi yönündə fəaliyyəti ilə bu birliyin qorunmasına öz töhfəsini verdi. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə keçirilən Dünya Azərbaycanlılarının II və III qurultayları diaspora hərəkatında, milli birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi işində yeni mərhələ açdı. Dünya Azərbaycanlılarının III Qurultayında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, bütün dünyada yaşayan azərbaycanlılar bir olduqlarını və öz dövlətlərinin maraqları uğrunda fəaliyyət apardıqlarını nümayiş etdirdi: “Mən bir daha demək istəyirəm ki, xaricdə yaşayan azərbaycanlıların III qurultayı çox əlamətdar hadisədir. İlk növbədə, ona görə ki, yenə də biz bir yerə yığışdıq. Yenə də həm Azərbaycan xalqına, həm bütün dünyaya göstərdik ki, biz bir yerdəyik. Biz bir xalqıq, biz böyük xalqıq. Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir”.Qüdrətli Azərbaycan milli həmrəylik və bütövlüyün qarantıdır.Həmrəylik ictimai ahəngdarlığı və milli özünüdərki təmin edən, milli-etnik platformada milli yaddaşı bərpa edən, milli birliyi səfərbər edən, məqsədyönlü fəaliyyəti stimullaşdıran vasitədir. Bir millətin, xalqın varlığını sürdürə bilməsi, dünya xalqları içərisində özünə layiqli yer tutması üçün milli birlik və həmrəylik həyati önəm daşıyır. Bu mənada, dünya azərbaycanlılarının həmrəyliyi bütün dünyada yaşayan azərbaycanlıların səfərbər edilməsi, konkret məqsəd ətrafında birləşdirilməsi deməkdir.
Müstəqil Azərbaycan Respublikasının yaradılması və öz mövcudluğunu qoruyub saxlaması geniş mənada, milli birliyin Azərbaycan xalqının ictimai, siyasi və mənəvi tələbatına çevrilməsi deməkdir. Milli birlik və həmrəylik şəraitində cəmiyyətdə sabitlik mövcud olur, yüksək mənəvi dəyərlər ictimai qanunauyğunluqların əsas bazasına çevrilir və bu, belə bir harmonik mühitdə dövlətin siyasi, iqtisadi və digər sistemlərinin rahat inkişafına, beləliklə də, ümumi rifahın təmin olunmasına gətirib çıxarır.
Digər tərəfdən, müstəqil dövlətin qurulması milli birliyi zəruri etdiyi kimi, həm də bu birliyə şərait yaradan amildir. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Eyni zamanda, müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizm qismində çıxış edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi ölkəmizi hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətə çevirib. Nəticə etibarilə, hələ 2003-cü ildə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən və ötən dövr ərzində həyata keçirdiyi daxili və xarici siyasət strategiyasının səmərəlilik səviyyəsinə, bunun fonunda ölkəmizin milli inkişafının real nəticələrinə, Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlu və güclü aktora çevrilməsinə, eyni zamanda, Özünün liderlik keyfiyyətlərinə görə bunu sübuta yetirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu gün hər bir azərbaycanlının müstəqil Azərbaycan dövlətinə bağlılığını, inam və güvənini təmin edən başlıca faktordur.Dünya azərbaycanlıları vahid məfkurə ətrafında sıx birləşiblər
Nəticə etibarilə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın hər bir nöqtəsində yaşayan azərbaycanlıların milli birliyini, həmrəyliyini simvolizə edən, eyni zamanda, bu birliyi möhkəmləndirən əlamətdar tarixdir. Prezident İlham Əliyevin dünya azərbaycanlılarına təbrik məktubunda qeyd edilib: “Dünyada yaşayan soydaşlarımızın Vətənə və azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın öz keçmişinə və milli-mənəvi dəyərlərinə ehtiramını əks etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik ideyaları daha dolğun məzmun kəsb edərək, real fəaliyyət sahəsi kimi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. “Güclü dövlət – güclü diaspor” prinsipini rəhbər tutan həmin siyasətin əsas qayəsi xarici ölkələrdə yaşayan soydaşlarımızın tarixi Vətənlə bağlılığını möhkəmləndirmək, mütəşəkkilliyini artırmaq, diaspor qurumlarının imkanlarından həmvətənlərimizin hüquqlarının və milli dövlət maraqlarının qorunmasında daha səmərəli istifadə etməkdən ibarətdir”.Beləliklə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi, dünya azərbaycanlıları vahid məfkurə ətrafında sıx birləşiblər. Bu birliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir, müxtəlif tədbirlər reallaşdırılır. İstər səmərəli diaspor siyasəti, istər ölkənin beynəlxalq aləmdə təbliğinin operativ və effektiv şəkildə davam etdirilməsi, istərsə də mütəmadi olaraq Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi bu baxımdan müstəsna əhəmiyyət kəsb edir.Bir sözlə, bu gün güclü və müstəqil Azərbaycan dünya azərbaycanlılarının qürur mənbəyi kimi çıxış edir.

Bahar Qurbanova-Zərdab rayon gənclər və idman sektorunun əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki