XALQIMIZIN BAŞINA GƏTİRİLƏN ƏN DƏHŞƏTLİ FACİƏLƏRDƏN BİRİ DƏ 31 MART SOYQIRIMIDIR!
Tariximizə şanlı qəhrəmanlıq salnamələri ilə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. XX əsrdə azğın erməni-daşnak-bolşevik silahlı qüvvələri və onların havadarları tərəfindən azərbaycanlıların kütləvi qırğınlara və repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, didərgin salınması bəşər tarixinə qanlı və acınacaqlı səhifələrdən biri kimi yazıldı. Əlbəttə, dünyanın bir çox xalqları müxtəlif dövrlərdə bu və digər dərəcədə qətliamlarla qarşılaşmaq acısını yaşayıblar. Lakin bu qətliamlar ya hansısa hakimiyyət tərəfindən siyasi məqsədlərlə törədilib, ya da böyük müharibələrin acı nəticələri kimi tarixə düşüb. Ancaq ermənilərin törətdikləri vəhşiliklər deməyə əsas verir ki, onlar soyqırımı cinayətlərində bir xalq olaraq iştirak ediblər. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də 31 mart soyqırımı, 1918–ci ilin mart və aprel aylarında Bakı, Quba, Şamaxı, Qərbi Azərbaycan (indiki Ermənistan ərazisi ) və digər bölgələrdə erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınları əhatə edir. Bu qətliamlar Bakı Sovetinin və daşnak silahlı qüvvələrinin birgə fəaliyyəti nəticəsində həyata keçirilmişdir. Bu gün dünyaya özünü “məzlum” kimi təqdim edən ermənilər bununla əsl simalarını gizlətməyə çalışır, həqiqətlərə fərqli yozum verərək öz qəddarlıqlarını qarşı tərəfə aid edirlər.
Ermənilər hər zaman havadarlar axtararaq onlara arxalanmış, azərbaycanlılara qarşı vəhşiliklər, dəhşətli qətllər törədərək cəzasız qalmışlar. Tarixə nəzər saldıqda görünür ki, Xocalı soyqırımı günahsız insanlara qarşı ermənilərin törətdiyi ilk qətliyam deyildir. Havadarları sayəsində vəhşiliklərinin cəzasını almayan bu quldur kütlə hələ ötən əsrin əvvəllərində Azərbaycanın müxtəlif yerlərində heç kimə rəhm etmədən amansız qırğınlar törətmişlər. 1918-ci il 30 mart və 3 aprel günləri tarixdə erməni vəhşilikləri ilə yadda qalmışdır. Quduz ermənilər Bakı şəhərinin özündə və quberniyanın müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişlər. Ulu Öndər Heydər Əliyev 26 mart 1998-ci il tarixində 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır. Sərəncamda yazılmışdır: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı ilə torpaqlarımız işğaldan azad olundu və bunula da Azərbaycan özünün ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. 30 ilə yaxın erməni işğalçılarının tapdağı altında qalan Qarabağımız Müzəffər Ordumuzun vətənpərvər, igid oğullarının sayəsində azadlığına qovuşdu. Azərbaycanın Qarabağda qazandığı qələbə ilə şəhidlərimizin, günahsız insanların, soyqırımı qurbanlarının qisası alındı.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov























