Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiyası, danışıqların mahiyyəti baxımından tarixidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirdi. İmzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat-logistika bağlantıları, süni intellekt və müdafiə sahəsində dərin əməkdaşlığın hüquqi-siyasi çərçivəsidir. Azərbaycan ilə ABŞ arasında münasibətlər müstəqillik illərindən etibarən formalaşmış və müxtəlif mərhələlərdən keçmişdir. “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi kimi layihələr bu münasibətlərin strateji xarakter aldığını göstərmişdir. Yeni Xartiya münasibətləri institusional səviyyədə daha da möhkəmləndirir və uzunmüddətli tərəfdaşlığın əsasını yaradır. Cənubi Qafqazda sülh Azərbaycan və ABŞ-ın ortaq marağındadır. Ağ Evdə paraflanmış sülh sazişi və imzalanmış Birgə Bəyannamə regionda yeni siyasi mərhələnin başlanğıcıdır. Bu proses iqtisadi əməkdaşlıq və regional sabitlik üçün mühüm zəmin yaradır. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməklə yanaşı, Asiya ilə Avropanı birləşdirən multimodal dəhliz rolunu oynayacaqdır. Bu layihə regionun beynəlxalq tranzit potensialını gücləndirəcək və iqtisadi qarşılıqlı asılılığı artıraraq sülhün davamlılığını möhkəmləndirəcəkdir. Enerji sahəsində Azərbaycan artıq 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Strateji Xartiya çərçivəsində neft, qaz, elektrik enerjisi və interkonnektor layihələrinin genişləndirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq enerji təhlükəsizliyinin geosiyasi əhəmiyyətini artırır. Süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq Xartiyanın ən innovativ istiqamətlərindəndir. AI data mərkəzlərinin yaradılması, kibertəhlükəsizlik bacarıqlarının artırılması, Tədqiqat və İnkişaf mexanizmlərinin qurulması Azərbaycanın texnoloji inkişafını sürətləndirəcəkdir. Təhlükəsizlik əməkdaşlığı çərçivəsində müdafiə sənayesi məhsullarının satışı, antiterror əməkdaşlığı və humanitar minatəmizləmə sahəsində birgə fəaliyyət nəzərdə tutulur. Bu isə regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Nəticə etibarilə, Vitse-prezident Vensin səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan–ABŞ münasibətlərində yeni və tarixi mərhələnin başlanğıcıdır. Bu tərəfdaşlıq regional sülhün möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və texnoloji transformasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Əlvənd kənd tam orta məktəbin direktoru E. Xəlilov





















