Vətənə sədaqətli xidmət nümunəsi
Hər bir xalqın, hər bir dövlətin tarixində elə şəxsiyyətlər olur ki, onlar xalqın, dövlətin ən çətin anlarında, böyük bir millətin, vətənin tarix səhnəsindən silinmək üzrə olduğu məqamlarda günəş kimi zülmətin bağrını yararaq xalqı öz ətrafında birləşdirib müqəddəs bir mübarizəyə başlayaraq bir xalqın tale yükünü öz çiyinləri üstünə götürür və zəfər sevincini öz millətinə yaşadır. Ulu Öndərimiz Heydər Əliyev xalqın tale yükünü öz çiyinləri üzərinə götürərək mürəkkəb, çətin bir mübarizədən qalib çıxaraq dövlətin, millətin tarix səhnəsində əbədi var olmasını təmin etmişdir. Azərbaycanın parçalanmaq üzrə olduğu illərdə daha dəqiq 1993-cü ilin oktyabr ayının 3-də Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın, dövlətimizin xilaskarı kimi hakimiyyətə gəlməsindən qısa zaman sonra vətənimizin üstünü almış qara buludlar darmadağın oldu və ölkəmiz əsaslı inkişaf, qüdrətli dövlət olmaq yolunu tutdu. 1993-cü ilin 3 oktyabr tarixində olan prezident seçkiləri xalqımız üçün mühüm bir tarixi hadisə, qurtuluşun başlaması demək idi. Xalqımızın səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ilin oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək vətənimizi böyük bəlalardan, faciələrdən xilas edib, ölkəmizi sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla vətənə, xalqa sədaqətli xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib : “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük ehtimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəm.” Bəli, Ümummilli Liderimiz Heydər Əliyev ömrünü Azərbaycan Respublikasının inkişafına, ölkəmizin tərəqqisinə həsr etdi. Ulu Öndərimiz Heydər Əliyev qısa zaman ərzində ölkəmizə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu. Bu prosesi iqtisadi inkişaf modeli adlandırmağımız daha doğru olardı və bu model sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi. “ Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – deyən Ulu Öndər Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bi meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyifikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Dayanıqlı inkişaf yolunu seçən Ulu Öndər əslində bu günkü qüdrətli Azərbaycan dövlətinin təməlini yaratmışdı. Eyni zamanda Ümummilli Liderimiz Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmiş oldu. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxmışdır. Bütün ömrünü xalqımızın firavanlığı, dövlətimizin inkişafı yoluna həsr edən Ümummilli Liderimiz Heydər Əliyev hər bir azərbaycanlının qəlbində hər zaman var olacaqdır.
Zərdab rayon Əlvənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elvin Xəlilov