Vətəndaşların hüquq və azadlıqları
1993-cü ildə ”Olum, ya ölüm” qarşısında qalan Azərbaycan dövlətçiliyi və xalqı dövrün diktəsi ilə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ilin iyununda Azərbaycan xalqı dövlətin idarə olunmasını Heydər Əliyevə etibar edəndə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik, hərc-mərclik baş alıb gedirdi. Ulu Öndər Heydər Əliyev özü o dövr haqqında deyirdi: “1993-cü ilin iyunundan başlayaraq, ilk növbədə, hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başlandı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa başlandı”.
Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı və Heydər Əliyev ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni stimul verdi, zaman-zaman Azərbaycanın başı üstündə dolaşan qara buludlar dağılmağa başladı, Azərbaycan parçalanma təhlükəsindən xilas oldu. Milli-mənəvi və bəşəri dəyərlərin ən ali prinsiplərini ardıcıllıqla zənginləşdirən ümummilli liderimizin Azərbaycan xalqı qarşısında xidmətləri ölçüyəgəlməzdir. Onun iradəsi, qətiyyəti, zəngin idarəçilik təcrübəsi, Vətənin azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin mübarizə nəticəsində ölkədə ictimai-siyasi sabitlik, əmin-amanlıq bərqərar oldu, demokratik-hüquqi dövlət quruculuğunda sanballı nailiyyətlər qazanıldı. Hüquq islahatları sahəsində çox önəmli sənədlərdən biri 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Həmin il Azərbaycanın ilk Milli Məclisi seçildi, ictimai-siyasi vəziyyət ardıcıl surətdə sabitləşdirildi. Bunların hamısı bizə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, Azərbaycana xarici investisiyanın cəlb edilməsini təmin etmək, Azərbaycanın ordusunu yaratmaq, onu möhkəmləndirmək və insanların rifah halını yaxşılaşdırmaq üçün imkanlar yaratdı. Ulu Öndər Heydər Əliyev milli qanunvericiliyimizin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunmasının daha etibarlı təmin edilməsi məqsədilə 22 iyun 2002-ci il tarixli fərmanla Konstitusiyada dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı layihəsini ümumxalq müzakirəsinə çıxardı. Fərmanda bildirilirdi ki, bu addım respublikamızın “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsindən, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilməsi zərurətindən irəli gəlir. Referendumun keçirilməsi insan hüquq və azadlıqlarının qorunmasını daha da gücləndirdi, vətəndaşlara, ombudsmana, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verdi, ölkənin seçki sistemini daha da təkmilləşdirdi. Milli Məclisdə referendumun nəticələrindən irəli gələn müxtəlif qanun layihələri hazırlandı.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri





















