Edliyyeinfo.az: Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların ədalətə əlçatanlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirilir. Ədliyyə Nazirliyi bu prosesdə hüquqi sistemin dayanıqlılığını və şəffaflığını qoruyan əsas qurumlardan biri kimi mühüm rol oynayır. Nazirliyin təşəbbüsü ilə son illərdə aparılan rəqəmsallaşma, məhkəmə-hüquq sistemində şəffaflığın artırılması və vətəndaş məmnuniyyətinin yüksəldilməsi yönündə atılan addımlar cəmiyyətin etimadını daha da gücləndirib.
Lakin təəssüf ki, bəzi şəxslər bu etimaddan sui-istifadə edərək, dövlətin adından və nüfuzundan yararlanaraq sadə vətəndaşları aldatmaq yolunu tuturlar. Edliyyeinfo.az redaksiyasına daxil olan məlumata görə, 2020-ci ildə baş verən bir hadisə bu qəbildən olan nümunələrdəndir və ciddi ictimai maraq doğurur.
Redaksiyamıza müraciət edən Gülçöhrə Məmmədova bildirir ki, 2020-ci ildə oğlu Rəşad Məmmədovun avtomobili olduğu üçün qonşusunun xahişi ilə ona İrandan göndərilmiş dərmanları götürməyə gedib. Lakin dərman çantasından qadağan olunmuş maddələr çıxması nəticəsində həm Rəşad, həm də qonşusu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Rəşad Məmmədovun ailəsi onun günahsız olduğunu sübut etmək üçün hüquqi yardım axtararkən, onlara vəkil Əhməd Nizami oğlu Məhərrəmli tövsiyə olunub.
Gülçöhrə Məmmədovanın sözlərinə görə, vəkil Əhməd Məhərrəmli ilə öz ofisində 2000 manat müqabilində müqavilə bağlanılıb. Lakin vəkil bundan sonra ailəni müxtəlif bəhanələrlə yüksək məbləğlər ödəməyə məcbur edib. O, əvvəlcə Rəşadın bəraət alması üçün guya hakimə 40.000 manat verilməli olduğunu bildirib. Ailə bu pulu ödəmək iqtidarında olmadığını dedikdə isə o, bu məbləği 20 minə, daha sonra isə 10 min manata endirib. Məmmədovlar ailəsi bu pulu – yəni son təklif olunan məbləği (10 min) sələmçidən borc alaraq Əhməd Məhərrəmliyə ödəməli olublar.
Bütün bu vədlərə baxmayaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas zamanı vəkilin bir kəlmə belə danışmadığı deyilir. Nəticədə Rəşad Məmmədov məhkum edilib və artıq 5 ildir həbsdədir. Ailə bu illər ərzində nə pulunu geri ala bilib, nə də ədalətə çata bilib. Gülçöhrə Məmmədovanın sözlərinə görə, Əhməd Məhərrəmli bu günə qədər onlardan aldığı 10.000 manat məbləği “bu gün-sabah” deyə qaytarmaqdan yayınır.
Qarşı tərəfin mövqeyini öyrənmək üçün Əhməd Məhərrəmli ilə telefon əlaqəsi saxladıq. O, əvvəlcə bizimlə görüşmək istədiyini dedi. Biz buna gərək olmadığını, mövqeyini telefonla da bildirə biləcəyini dedik.
Beləolan halda, vəkil bildirdi ki, “Mən onlarla 12 min manata müqavilə bağlamışam, 3 dəfəyə hissə-hissə pulumu ödəyiblər. İşimi də görmüşəm”.
Lakin bu açıqlamanın özü də bir sıra suallar doğurur. Əgər vəkilin işi yalnız müqavilə çərçivəsində olubsa, niyə sonradan əlavə olaraq “hakimin susdurulması üçün” pul tələb edilib? Bu cür ifadələr hansı peşə etikası ilə izah oluna bilər?
Əlavə olaraq, Gülçöhrə Məmmədova redaksiyamızla ikinci dəfə əlaqə saxlayaraq Əhməd Məhərrəmlinin onlara dəfələrlə zəng edərək təhdid etdiyini, əgər məsələ ictimailəşərsə, onlarla “başqa cür danışacağını” dediyini bildirdi. Bu isə artıq cinayət xarakterli təzyiq və şantaj kimi qiymətləndirilə bilər.
Edliyyeinfo.az olaraq, Gülçöhrə Məmmədovanın müraciəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə və Ədliyyə naziri cənab Fərid Əhmədova rəsmi sorğular ünvanlamışıq. Vəkillik peşəsinin adına ləkə gətirən, məhkəmə hakimiyyətinin adından sui-istifadə edərək vətəndaşlara maddi və mənəvi ziyan vuran şəxslərlə bağlı hüquqi tədbirlərin görüləcəyinə inanırıq.
Qanun və dövlətçilik prinsipi tələb edir ki, heç bir şəxs – kimliyindən, vəzifəsindən və vəkil statusundan asılı olmayaraq – qanunu pozduqda məsuliyyətdən kənarda qala bilməz. Hüquqi sistemə güvəni sarsıdan belə hallar ciddi şəkildə araşdırılmalı və məsuliyyət tədbirləri görülməlidir.
Mövzu diqqətimizdədir.