Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi
2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycan xalqının müasir tarixində təkcə hərbi Qələbə ilə deyil, eyni zamanda misilsiz milli birlik və həmrəylik nümunəsi ilə yadda qalmışdır. Bu müharibə bir daha sübut etdi ki, Azərbaycan xalqı taleyüklü məqamlarda hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olur, dövlətçilik maraqlarını vahid mövqedən müdafiə etməyi bacarır. Məhz bu sarsılmaz birlik Qələbənin əsas mənəvi və siyasi dayaqlarından biri olmuşdur.
Vətən müharibəsinin ilk günlərindən etibarən ölkə daxilində müşahidə olunan həmrəylik, xalq–iqtidar birliyi və Ali Baş Komandana olan yüksək etimad cəmiyyətin bütün təbəqələrini əhatə etmişdir. Azərbaycan vətəndaşları siyasi baxışlarından, sosial statusundan asılı olmayaraq, vahid amal — torpaqlarımızın azadlığı naminə birləşmişdir. Bu birlik dövlətin gücünü, xalqın iradəsini və milli ruhun sarsılmazlığını bütün dünyaya nümayiş etdirmişdir. Müharibə dövründə dünya azərbaycanlıları da tarixdə görünməmiş dərəcədə fəallıq göstərmişdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Vətənlə həmrəylik nümayiş etdirərək, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişlər. Onlar yaşadıqları ölkələrdə mitinqlər keçirmiş, beynəlxalq təşkilatlara müraciətlər ünvanlamış, xarici media qurumlarında çıxış edərək erməni təbliğatının saxta və böhtan xarakterli iddialarını faktlarla ifşa etmişlər. Xaricdə yaşayan azərbaycanlıların bu fəallığı spontan xarakter daşımamış, dərin milli şüurun, Vətən sevgisinin və dövlətə bağlılığın təzahürü olmuşdur. Soydaşlarımız anti-Azərbaycan dairələrinin və düşmən qüvvələrin məkrli təxribatlarına qarşı cəsarətlə çıxış etmiş, təzyiqlərə baxmayaraq milli mövqelərindən geri çəkilməmişlər. Onların bu mübarizəsi informasiya cəbhəsində Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmişdir.
Prezident cənab İlham Əliyev dünya azərbaycanlılarının bu fədakar fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.” Bu fikirlər diasporumuzun Vətən müharibəsində oynadığı mühüm rolu aydın şəkildə ifadə edir.
Vətən müharibəsi sübut etdi ki, Azərbaycan dövləti yalnız coğrafi sərhədlər daxilində deyil, bütün dünyaya səpələnmiş milyonlarla soydaşın mənəvi dəstəyi ilə güclü bir bütövdür. Xaricdə yaşayan azərbaycanlıların göstərdiyi həmrəylik milli birliyin qlobal miqyasda təzahürü kimi tarixə düşmüşdür. Bu həmrəylik həm də uzun illər aparılan diaspor siyasətinin, milli ideologiyanın və dövlətçilik düşüncəsinin real nəticəsi olmuşdur.
Qələbədən sonra da bu birlik və həmrəylik qorunub saxlanılmaqdadır. Dünya azərbaycanlıları Azərbaycanın postmüharibə dövründə apardığı bərpa və quruculuq siyasətini, sülh və əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləyirlər. Onlar beynəlxalq platformalarda Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.
Vətən müharibəsi Azərbaycan xalqının və dünya azərbaycanlılarının milli birlik tarixində yeni bir mərhələ açmışdır. Bu müharibə bir daha göstərdi ki, güclü lider, güclü ordu və güclü xalq vəhdəti olduqda heç bir qüvvə Azərbaycanı öz haqq yolundan döndərə bilməz. Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında formalaşmış bu sarsılmaz birlik Azərbaycanın bu gününün və gələcəyinin ən möhkəm təminatıdır.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə



















