Ulu Öndərin ən böyük arzusu
Kəskin geosiyası ziddiyyətlərin, xaosun, daxili çəkişmələrin və paralel olaraq hissə-hissə torpaqlarımızın itirilməsi ilə davam edən müharibənin mövcud olduğu ötən əsrin sonlarında ölkəmiz vətəndaş müharibəsinin, parçalanmanın bir addımlığında idi. Məhz bu ərəfələr müstəqilliyimizin davam etməsini istəməyən daxili və xarici qüvvələrin sayəsində dövlət əmlakı talan edilmiş, xalqın maddi rifahı acınacaqlı hala düşmüşdü. Tarix səhifəsinin bu çətin, qarışıq vəziyyətində dövlətimizin, xalqımızın, vətənimizin bu mürəkkəb, müqəddəs missiyanın yükünü öz çiyinləri üzərinə götürərək bir xalq, bir dövlət kimi bizi tarix səhnəsinin zülmətində itməyə qoymayan, vətənimizin səmasında günəş kimi öz nurunu yayaraq yurdumuzu bürümüş zülmətin bağrını yaran xilaskara ehtiyyacı vardı. Azərbaycan xalqının böyük oğlu, xalqımızın yaddaşında, qəlbimizdə özünə əbədi yer tutmuş Ulu Öndər Heydər Əliyev bu müqəddəs, çətin, öz həyatı üçün təhlükəli olan işi ümumi olaraq bütün xalqın, ölkənin problemlərini, düşdüyü qarışıq, xaotik vəziyyətin yükünü öz çiyinləri üzərinə götürərək vətənimizi parçalanmaqdan, müstəqilliyimizi əsarətdən, dövlətçiliyimizi, xalqımızı məhv olmaqdan xilas etdi. Yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikasının düşdüyü xaotik vəziyyəti sonradan xatırlayan Ulu Öndər Heydər Əliyev bu vəziyyəti öz çıxışında təsvir edərək qeyd edirdi ki, Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxili qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı. Ulu Öndər Heydər Əliyev qısa zaman içində ölkəmizi bu qarışıq vəziyyətdən xilas etməyi bacardı. Qısa zaman içində iqtisadi canlanma, uğurlu siyasi nəticələr əldə olundu. Zülmətdəymiş kimi görünən vətənimiz öz nuruna qovuşmuşdu və xalqın rifahı keçən hər gün surətlə yüksəlirdi. Cəmi bir neçə il zaman ərzində əldə olunan siyasi uğurların nəticəsində parçalanmaqdan xilas olmuş Azərbaycana Qərb ölkələri xüsusi maraq göstərməyə başladılar. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev müstəqilliyimiz üçün ola biləcək bütün əngəlləri aradan qaldırmışdı amma Ulu Öndərin ən böyük arzusu hələ həyata keçirilməmişdi. Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ən böyük arzusu vətənimizi, ölkəmizi bütöv görmək idi. O, torpaqlarımızı düşmən əsarətindən xilas etmək üçün fasiləsiz olaraq çalışır, siyasi gedişlər edirdi. Məcburi köçkünlərlə görüşü zamanı öz arzusunu söyləyən Ümummilli Lider çıxışında qeyd etdi ki, Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Amma təkcə Şuşa yox Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu-biz bunlarsız yaşaya bilmərik. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, Xocalıda üç rəngli müqəddəs bayrağımız əzəmətlə dalğalanır.
- Zərdabi adına Əlvənd kənd tam orta məktəbinin direktoru E. Xəlilov