Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası
Tarixdə ölkəsinin ən çətin anlarında həyatları bahasına olsa belə dövləti qoruyub saxlayan böyük şəxsiyyətlər olmuşdur. Onların sırasında Heydər Əliyev şəxsiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Heydər Əliyev XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş fenomenal şəxsiyyətdir. O, təkcə öz ölkəsində deyil, bütün dünyada layiqli hörmət və nüfuz qazanmış görkəmli dövlət xadimidir. O deyirdi ki, “Mənim əsas silahım Sözdür”. Bu silah sayəsində Ulu Öndər insanlara özlərinə güvənməyi öyrətdi və xalqı inandırdı ki, Azərbaycanın gələcəyi də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. Heydər Əliyevin sülhməramlı daxili və xarici siyasəti nəticəsində və xalqımızın haqq səsini dünya xalqlarına çatdırdığı üçün bu gün Azərbaycan tanınır. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Heydər Əliyevin xidmətləridir. Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır. Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 27 il ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Dövlətçiliyin xilas edildiyi gün olan 1993-cü il iyunun 15-ni – ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdığı günü xalqımız müasir tariximizin qürur və şərəf səhifəsi Milli Qurtuluş Günü kimi qəbul etdi.Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. Ulu Öndərin siyası uzaqgörənliyi nəticəsində ictimai-siyasi həyatda stabilliyin əldə edilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi. Bu gün ulu öndərin ruhu şaddır, çünki onun vəsiyyəti yerinə yetirilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmiş və xalqımız 30 ildir həsrətində olduğu əzəli torpaqlarına qovuşmuşdur. Artıq regionda yeni reallıqlar yaratmış Azərbaycan indi də Heydər Əliyev ideyalarından ilham alaraq inkişaf edir və daha da güclənir. Şübhəsiz ki, bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaq və onun ideyaları hər bir Azərbaycan vətəndaşının həyat amalına çevriləcək.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Səriyyə muradova.