Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası
Azərbaycan xalqının müasir tarixində mühüm rol oynamış ümummilli lider Heydər Əliyevin fəaliyyəti yalnız siyasi liderliklə məhdudlaşmır, o, eyni zamanda ölkənin ağır və mürəkkəb tarixi şəraitdə xilaskarı kimi çıxış etmişdir. Onun xilaskarlıq missiyası 1990-cı illərin əvvəllərində – müstəqilliyini yenicə bərpa etmiş, lakin siyasi, iqtisadi və sosial böhran içərisində olan Azərbaycanın gələcəyinin sual altına düşdüyü bir dövrdə öz əhəmiyyətini xüsusi olaraq göstərmişdir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan daxili qarşıdurmalar, Ermənistanın hərbi təcavüzü və idarəetmədəki zəifliklər səbəbindən dərin bir xaos və qeyri-sabitlik dövrünə daxil olmuşdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı və bu dönüş, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun təmin olunmasında həlledici rol oynadı. Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, müasir Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir.
Ulu öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutlarının fəaliyyəti normallaşdı, separatçılıq meyilləri aradan qaldırıldı. Eyni zamanda, iqtisadi islahatların həyata keçirilməsi, xüsusilə də neft strategiyasının formalaşdırılması ilə Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasına zəmin yaradıldı. Bu dövrdə atılmış strateji addımlar ölkənin uzunmüddətli inkişaf modelinin əsasını qoydu.Eyni zamanda, Heydər Əliyevin milli ideologiya sahəsində atdığı addımlar – azərbaycançılıq konsepsiyasının formalaşdırılması, milli birliyin təmin olunması və tarixi yaddaşın yenidən bərpası – onun xilaskarlıq missiyasını yalnız siyasi idarəetmə ilə deyil, ideoloji və mədəni birliyi təşkili ilə də əlaqələndirir. Bununla bərabər ordu və təhlükəsizlik sahəsində keçirdiyi islahatlar nəticəsində sovet dövründən qalma nizamsız hərbi strukturlar tədricən ləğv olundu, əvəzinə müasir, döyüş qabiliyyətli və intizamlı peşəkar ordu qurulmağa başlandı. Silahlı Qüvvələrin maddi-texniki bazası gücləndirildi.Ordunun silah-sursatla təminatı yaxşılaşdırıldı, hərbi hissələr yenidən quruldu və bəzi xarici ölkələrlə əməkdaşlıq nəticəsində texniki dəstək və təlim imkanları artırıldı.Nəticədə isə 1993- cü ildə bir çox uğurlu hərbi əməliyyatlar keçirilərək Füzulinin 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad oldu.
Heydər Əliyevin xilaskarlıq missiyası yalnız konkret bir tarixi mərhələdə xalqı böhrandan çıxarmaqla məhdudlaşmır; bu missiya, eyni zamanda müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və milli ideologiyanın formalaşdırılması baxımından da dərin məna daşıyır. Onun uzaqgörən siyasəti və güclü liderlik bacarığı sayəsində Azərbaycan bu gün sabit, güclü və beynəlxalq aləmdə söz sahibi olan bir dövlətə çevrilmişdir.
Zərdab şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin tarix müəllimi Sadıqova Ülkər