Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur
Cənab Prezident İlham Əliyev Mingəçevirdə yeni enerji nəhənginin – 1880 meqavatlıq elektrik stansiyasının açılışını etdi. Təməli 2023-cü il fevralın 13-də qoyulan, tikintisi qısa müddətdə başa çatan bu stansiyanın istifadəyə verilməsi bir daha ölkəmizin iqtisadi gücünü, energetika sahəsindəki zəngin təcrübəsini, eləcə də bu sahədə çalışan mütəxəssislərimizin səriştəsini göstərir.
Yeni stansiya Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirir. Hazırda ölkəmizin elektrik enerjisinin 40 faizindən çoxu bu şəhərdə istehsal olunur.
1974-cü ildə burada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “Azərbaycan” İstilik-Elektrik Stansiyasının təməli qoyulmuş və 1981-ci ildə stansiyanın birinci bloku istismara verilmişdir. Daha sonra digər bloklar da istismara daxil olmuşdur. Lakin müstəqilliyin ilk illərində ölkəmizdə enerji qıtlığı yarandı. İnsanlar elektrik enerjisini nəinki kənddə, hətta böyük şəhərlərdə də fasilə ilə alırdı. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi
“8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi həm də Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq və təfəfdaşlıq platformasının daha bir təsdiqidir. Belə ki, bu önəmli layihə İtaliya və Çin şirkətləri ilə birlikdə araya-ərsəyə gəlib. Stansiyanın açılışında sözügedən bu iki ölkənin strateji tərəfdaşlarımız olduğu qeyd edildi. Strateji tərəfdaşlıq haqqında hər biri ilə iki bəyannamə imzalanıb. İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız sırasında qabaqcıl yerlərdən birini tutur. İtaliya ilə xüsusilə son illər energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli strateji əməkdaşlıq genişlənib. Çinlə isə daha çox bərpaolunan enerji layihələrinin birgə icra olunmasına başlanıb.
Məlumdur ki, energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır. Təsadüfi deyil ki, Avropa İttifaqı ölkəmizi etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, onlardan da 10-u Avropa ölkəsidir . İndi Azərbaycan təbii qaz, xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elekrik enerjisinin ixracatçısıdır. “Yaşıl enerji” layihələrimiz gerçəkləşdikdən sonra kabellər vasitəsilə bu növ enerji də ixrac olunacaq.
Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru