Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamı olan Yeni Azərbaycan Partiyası.
1992-ci ilin noyabrın 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş vermişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və Sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Gənc dövlətimiz üçün Yeni Azərbaycan Partiyasının yaranması dönüş nöqtəsi oldu.
XX əsrin sonlarında ölkəmizin gərgin vəziyyətində cəmiyyətimizin ziyalıları, hörmətli insanlarımız Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılmağı haqqında qərara gəlmişdir. Yeni Azərbaycan Partiyasının yaradılmasında məqsəd Azərbaycan Respublikasını mövcud böhrandan xilas etmək idi. Təsis konfransında partiyanın yaradılması haqqında qərar, onun proqramı və nizamnaməsi qəbul edildi. Yeni Azərbaycan Partiyası tərəfindən qəbul edilmiş proqramın əsas məqsədi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirməsinə, vətəndaşların hüquq bərabərliyinin təmin edilməsinə, demokratik, hüquqi dövlət yaradılmasına xidmət etmək olmuşdur.
Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümüdür. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirib, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldib. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in müraciətinə cavabında Ulu Öndər Heydər Əliyev deyib: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” Ümummilli Liderimiz Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oyanayacağı rolu böyük uzaq görənliklə qiymətləndirib. YAP-ın Azərbaycanın davamlı, dinamik inkişafındakı mühüm yeri və rolu Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
2003-cü ildən bu inkişaf Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə ləyaqətlə davam etdirilərək Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir. Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri