Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri.
Azərbaycançılıq bizim dövlətçilik ideologiyamızdır, dəyərdir, xalqımızın qanına, geninə hopmuş həyat tərzidir. Azərbaycançılıq – Azərbaycan dövlətini qorumaqdır, vətəndaşlarımızın və dünyadakı 50 milyon soydaşlarımızın həmrəyliyidir, birliyidir. Azərbaycançılıq ideyası ölkə daxilində vətəndaşlarımızı, xaricdə isə soydaşlarımızı birləşdirir, təşkilatlandırır. Çünki ölkə daxilində güclü vətəndaş həmrəyliyinin olması ilə yanaşı, xaricdəki güclü diaspor fəaliyyəti də dövlətçiliyimizi möhkəmləndirən amillərdən biridir. Azərbaycançılıq Azərbaycanı qorumaq üçün ölkə daxilindəki dövlət və ictimai qurumların, siyasi partiyaların, yaşından, cinsindən, sosial mənşəyindən, milliyyətindən, dinindən asılı olmayaraq bütün vətəndaşlarımızın, xaricdəki diaspor təşkilatlarının, fəallarının birləşməyi, Vətənə dəstək olmaları, onun haqq səsini dünyaya çatdırmalarıdır. Hər il qeyd etdiyimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür Azərbaycançılıq. Bizim mədəniyyətimizə o qədər də doğma olmayan Yeni il bayramını Həmrəylik bayramına çevirməkdir Azərbaycançılıq. Yeri gəlmişkən ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvanda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilmişdir. Ümummilli Liderimiz bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – müdrik rəhbərin bu kəlamları Azərbaycançılığın ideya əsaslarına, hər bir azərbaycanlı üçün isə milli qürur rəmzinə çevrilmişdir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin, Azərbaycançılıq ideyasının ətrafında sıx birləşdiyini təsdiqlədi. Azərbaycançılığın milli mədəniyyət, milli bədii fikir, ictimai dünyagörüşü istiqamətində də qədim tarixi vardır. Azərbaycançılıq ideologiyası ictimai dünyagörüşdən dövlətçiliyi müdafiə ideyasına, dövlət siyasətinə qalxmışdır. Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycançılıq müstəqillik ideyasıdır və Sovet imperiyası dağılan kimi xalqımız Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasını bərpa etdi. Rəsmi ideologiya olan Azərbaycançılıq bizləri Vətəni müdafiə etməyə, dövlət millətçiliyi siyasəti aparmağa, xalqımızın inkişafına nail olmağa istiqamətləndirir. Məhz bu ideya ətrafında sıx birləşməyimizin nəticəsidir ki, 30 ilə yaxındır torpaqlarımızın işğal altında olması bizləri ruhdan salmadı, sındıra bilmədi, inamımızı sarsıtmadı. Azərbaycançılıq, Vətənçilik ideyaları ətrafında birləşən dövlətimiz, Ordumuz 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatına, Vətən müharibəsinə başlayaraq 44 gün ərzində işğalçı Ermənistanı, onun ordusunu darmadağın etdi. 44 günlük Vətən müharibəsi nəticəsində 30 ildir keçilməz müdafiə xətti yaratmağa çalışan erməni ordusu dəhşətli zərbə aldı. Qarabağımız azadlığa qovuşdu, həsrətə son qoyuldu, Azərbaycan xalqı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazdı. Böyük Öndər Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olaraq azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi inkişaf etdirdi, ona yeni yanaşma ortaya qoydu. Azərbaycanlı kimliyi yarandı, Azərbaycan Milli Kimliyi formalaşdı. Ötən dövrdə baş verən ictimai-siyasi, elmi-ideoloji, iqtisadi-hərbi, informasiya-diplomatiya və s. proseslər də göstərdi ki, xalqın, ölkənin müstəqilliyi azərbaycançılıqdan, milli birlikdən keçir. Bunun üçün xalq özünün bütün potensial imkanlarından istifadə etməlidir. Ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi buna lazımi şərait yaradır. Bu amil bu gün Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və dövlətçilik mənafeyinin qorunmasında mühüm əhəmiyyətə malikdir. Buna görədir ki, Azərbaycanın milli maraqlarının qorunması uğrunda mübarizə indi daha planlı və daha elmi əsaslarla aparılır, inkişaf edir, yeni-yeni nailiyyətlər əldə edilir. Əminik ki, Qarabağı düşmən işğalından azad edən müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclənən Azərbaycan, daha da sıx birləşən azərbaycanlılar gələcəkdə də Azərbaycançılıq ideyasının inkişafında, ona yeni məzmun və məna qazandırılmasında mühüm rol oynayacaqlar.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov




















