Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərin ən önəmlisindən biri olan 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ümummilli lider Heydər Əliyevdir. Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Ulu Öndər özünün şərəfli fəaliyyətində həmişə xalqa arxalandığı kimi, xalq da həmişə ona arxalanırdı, ona etibar edirdi. Dahi rəhbər xalqının ən ağır günlərində səsinə səs verdi və onu baş verə biləcək təhlükələrdən qorudu.
Ulu Öndər ən çətin zamanda dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qorumaqla, ölkəmizdə ictimai-siyasi sabitliyi və vətəndaş həmrəyliyini təmin etməklə bu günümüzə müstəqil Azərbaycan dövlətini bəxş edib. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ona olan bütün ümidləri layiqincə doğruldur və Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri