Ulu Öndər hər zaman andına sadiq olub.
Bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Bəli, hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır.
Azərbaycanın dövlət müstəqilliyi ölkədə hakimiyyətsizliyin, siyasi -iqtisadi böhranın davam etdiyi müddətdə xalqına dayaq duran, qırılan, qırılan ümidləri canlandıran xilaskar Heydər Əliyevin Bakıya qayıdışı ilə başlayır. Həmin gün, 9 iyun 1993-cü il müstəqillik tariximizə, dövlətçilik salnaməmizə qızıl hərflərlə yazılıb.
Uzun illərin dövlətçilik təcrübəsinə əsaslanan xalq-iqtidar birliyi 1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlər zamanı da təsdiqləndi. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı yolunu müəyyənləşdirdi. Bu seçim sabaha böyük ümidlərlə dolu Heydər Əliyev yolu idi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da Ümummilli Lider Heydər Əliyev zəkası ilə bütün çətinliklərə qalib gəlmək əzmində olduğunu sübut etdi. Onun fəaliyyəti dövründə Azərbaycan milli intibah zirvəsinə qədəm qoydu. Tükənməz əzmi hesabına ölkəmizdə yeni iqtisadi, siyasi, hüquqi təsisatlar yaradıldı, mühüm islahatlar həyata keçirildi, sosial-iqtisadi proqramların qəbulu ilə nəhəng quruculuq prosesinin sürətlənməsi üçün real imkanlar yarandı. Sovetlərdən miras qalan planlı idarəetmə bazar iqtisadiyyatı ilə əvəz olundu, xalqlar arasında əməkdaşlıq əlaqələri yarandı, neft strategiyası müəyyənləşdirildi, Azərbaycanın inkişaf parametrləri düzgün istiqamətləndirildi.
2003-cü ildən Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycana möhtəşəm uğurlar qazandırır. Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir, sözünün imzası qədər əhəmiyyətli olduğu təsdiqlənir. Hazırda Azərbaycan dünya birliyində vədinə sadiq etibarlı tərəfdaş, dünyanın nəqliyyat, enerji mərkəzlərindən biri kimi tanınır. Azərbaycanın bu illərdə qazandığı uğurların zirvəsində dayanan tarixi Zəfərimiz dünənimizin, bu günümüzün və gələcəyimizin təqdimatıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbəyə imza atdı. Bu qalibiyyət xalqımızın yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirdi. İnkişafa aparan bu yol məhz 1993-cü ildən başlanır. Heydər Əliyev yolu müasir müstəqil, qalib Azərbaycanı hər zaman zirvələrə doğru aparır və aparacaq.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva