Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin parlaq səhifələrindən başlanır
“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.” – deyirdi Ümummilli Lider Heydər Əliyev. Bu sözlər təkcə bir rəmzin mahiyyətini deyil, bütöv bir millətin azadlıq fəlsəfəsini ifadə edir. Hər il noyabrın 9-da bu müqəddəs rəmz qarşısında baş əyir, üçrəngli bayrağımızın dalğalandığı səmanın mavi təravətində tariximizi, qırmızı alovunda azadlıq uğrunda mübarizəmizi, yaşıl parlaqlığında isə milli-mənəvi dəyərlərimizi görürük.
Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu günün dövlət səviyyəsində bayram elan edilməsi xalqımızın öz rəmzinə, milli kimliyinə və dövlətçiliyinə olan dərin ehtiramının göstəricisidir.
Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin parlaq səhifələrindən başlanır. 1918-ci il noyabrın 9-da Bakıda keçirilən hökumət iclasında təsdiqlənən bu bayraq, cəmi 23 ay yaşamasına baxmayaraq, bütöv bir xalqın milli ruhunu, istiqlal idealını və gələcək azadlığının bünövrəsini qoydu. Mavi türk kimliyimizi, qırmızı müasir dünyaya açılan qapımızı, yaşıl isə İslam mədəniyyətinə, mənəviyyatımıza sadiqliyimizi ifadə etdi. Bu üç rəngin müəllifi olan böyük mütəfəkkir Əli bəy Hüseynzadə, sanki xalqın gələcək yol xəritəsini müəyyənləşdirmişdi: “Türkləşmək, islamlaşmaq, müasirləşmək.”
Tarix bəzən rəmzləri sınağa çəkir. 1920-ci ilin aprelində Sovet imperiyasının işğalı nəticəsində üçrəngli bayraq endirildi. Amma o, xalqın qəlbindən heç vaxt enmədi. Aradan 70 il keçdikdən sonra bu müqəddəs simvolu yenidən göylərə qaldıran şəxs məhz xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyev oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi o, Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayrağı Naxçıvanın dövlət rəmzi elan etdi. O gün Naxçıvanda ucaldılan bayraq əslində Azərbaycanın gələcək istiqlalının müjdəçisi idi. Azərbaycanın böyük oğlu Məmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enmədən yenidən yüksəldi.
Heydər Əliyev bu hadisəni belə xatırlayırdı: “Biz 1918-ci ildə qəbul olunmuş milli bayrağı Naxçıvan Ali Sovetinin sessiyasında qaldırdıq. Qərar verdik ki, bu bayraq Naxçıvanın milli bayrağı olsun. O bayraq o gündən başımızın üstündə dalğalanır.” Bu qərar Azərbaycan tarixində dönüş nöqtəsi oldu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti də bu bayrağı rəsmi dövlət atributu kimi qəbul etdi və o gündən etibarən üçrəngli bayraq bütün ölkənin üzərində ucaldı.
1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət rəmzləri – o cümlədən üçrəngli bayraq – yenidən bərpa edildi. Artıq bu bayraq yalnız bir dövlət simvolu deyil, azadlıq və milli qürurun ifadəsi idi.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri




















