Üçrəngli bayrağımızın şanlı tarixi
Bayraq istənilən ölkənin dəyər verdiyi ən mühüm atributlardan biridir. Buna görə də, Azərbaycan bayrağı hər bir azərbaycanlı üçün şərəfli və dəyərlidir. Bayraq hər bir millətin mövcudluğunun təsdiqi, müstəqil dövlət qurmaq qabiliyyətinin başlıca göstəricisidir. Buna görə də, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur mənbəyi hesab edilir. Bayraq həm də xalqın apardığı azadlıq mübarizəsinin ən real ifadəsidir. Məhz bu baxımdan Azərbaycan xalqının azadlığını, dövlətimizin suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəsini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 28 mayda Tiflisdə elan olunarkən dövlətin atributları da təsis olundu. Hazırki üçrəngli bayraq haqqında qanun 9 noyabr 1918-ci ildə qəbul olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılmışdır.1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Bundan sonra 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi. Ulu Öndər Heydər Əliyev dövlət rəmzlərinə özümüz qədər sevməliyik deməklə Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayış etdirmişdir. Bu gün ölkə başçısı cənab İlham Əliyev Ulu Öndərin ideyalarına sadiq qalmaqla və apardığı uğurlu daxili və xarici siyasətlə Azərbaycanın bayrağının yüksəklərdə dalğalanmasına nail olmuşdur.
Bu gün qalibiyyət rəmzi olan üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində, o cümlədən 28 il düşmən işğalında qalan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Hadrut, Mincivan, Ağbənd, Əsgəran qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə qürurla dalğalanır. Müqəddəs bayrağımız Ali Baş Komandanımızın, müzəffər Ordumuzun, haqq yolunda, Vətən uğrunda həlak olan qəhrəman şəhidlərimizin şücaəti nəticəsində azad edilmiş torpaqlarda ucalır, başdan-başa ölkəmizi bəzəyir. Fərəhləndirici faktdır ki, qədim tarixə malik Azərbaycan Dövlət bayrağının yüksəklərdə dalğalanması üçün xalqımız çox çətin, eyni zamanda, şanlı mübarizə yollarından keçmişdir. Böyük qan bahasına başa gəlmiş bayrağımızın dövlət atributuna çevrilməsi və dünya birliyi tərəfindən tanınması Azərbaycan xalqının uzun əsrlər boyu apardığı mücadilənin nəticəsidir. Əlbəttə, əbədi müstəqilliyimizin ən ali simvolu olan üçrəngli bayrağımızın zirvələrdə əbədi dalğalanması hər bir azərbaycanlını qürurlandırır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova




















