image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bayraq_meydani_120715

Üçrəngli bayrağımızın şanlı tarixi

image-legitimaz-810x90

Bayraq istənilən ölkənin dəyər verdiyi ən mühüm atributlardan biridir. Buna görə də, Azərbaycan bayrağı hər bir azərbaycanlı üçün şərəfli və dəyərlidir. Bayraq hər bir millətin mövcudluğunun təsdiqi, müstəqil dövlət qurmaq qabiliyyətinin başlıca göstəricisidir. Buna görə də, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur mənbəyi hesab edilir. Bayraq həm də xalqın apardığı azadlıq mübarizəsinin ən real ifadəsidir. Məhz bu baxımdan Azərbaycan xalqının azadlığını, dövlətimizin suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəsini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sesiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycanın üç rəngli bayrağı zala gətirilərək yenidən ucaldıldı. Beləliklə görkəmli dövlət xadimi Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilən ay-ulduzlu üç rəngli bayrağını gələcək müstəqil Azərbaycanın Dövlət Bayrağına çevirdi. Bundan bir qədər sonra – 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olundu. Dövlətimizin başçısı cənab İlham Əliyevin 17 noyabr  2009-cu il  tarixli Sərəncamı ilə hər il noyabrın   9-u Azərbaycanda  Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycanın müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağımız, eyni zamanda, sevincimizin ilk şahidi, qələbə müşdəçisidir. Harada və nə vaxt səslənməsindən asılı olmayaraq hər birimizin qəlbini riqqətə gətirən, ürəyimizdə xoş duyğular oyadan Azərbaycanın Dövlət Himnində də ölkə vətəndaşlarına müqəddəs üçrəngli bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzulanır.

Minlərlə Vətən övladının qanı-canı bahasına başa gəlmiş, xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımız Azərbaycanın milli dəyərlərini daşımaqla yanaşı, bu günədək yaşadığımız müharibələrin və milli-azadlıq mücadiləmizin şanlı şahididir. Bu günün ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hisslərinin çatdırılması, atributlarımızın təbliği baxımından olduqca əhəmiyyətlidir və həm də dövlətçilik ənənələrinə verilən yüksək dəyərin göstəricisidir. Qəhrəman xalqımız 44 günlük Vətən müharibəsində üç rəngli bayraq altında bir yumruq kimi birləşdi. 44 gün davam edən Vətən müharibəsində ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə bütün vətəndaşlarımız “Təki Vətən sağ olsun”- deyib mübarizəyə qoşuldu. Yenilməz Ordumuz şəhərbəşəhər, kəndbəkənd irəlilədikcə işğaldan azad etdikləri məntəqələrin ən uca nöqtələrinə bayrağımızı sancdılar. Bəli, bu gün artıq Azərbaycan xalqı bu şərəfli tarixin şahididir.

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki