Üçrəngli bayrağımız yenidən mavi göylərdə dalğalanır – müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi
Hər bir xalqın, millətin dövlətçilik rəmzlərindən biri də bayraqdır. Bayraq müqəddəsdir, dövlətin simvoludur. İgid əsgər və zabitlərimiz cəmi 44 gün ərzində erməni terrorçu dəstələrini məhv edərək, uca bayrağımızın Şuşada, Xankəndidə, Qubadlıda, Kəlbəcərdə, Zəngilanda və digər işğaldan azad edilən ərazilərdə dalğalanmasını təmin edib. Ona görə də şəhid qanına boyanan bayrağımız qürur və varlığımızın rəmzidir. Bu səbəbdən ilin bütün günlərində bayraq günü və bayrağın tarixi ilə bağlı söhbətlər, müzakirələr aparılır. 9 noyabr tarixi isə xüsusi gün hesab olunur. Ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib. İclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. Ancaq 71 il sonra Azərbaycan xalqı tarixi dəyərlərinə, o cümlədən AXC-nin qəbul etdiyi üçrəngli bayrağımıza sahib çıxmağı bacardı. Hələ ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Ümummilli Lider Heydər Əliyev AXC-nin üçrəngli Dövlət Bayrağını 1990-cı il noyabrın 17-də keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilməsinə nail olmuşdur. Sonralar Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, həmçinin Dövlət bayrağını bərpa edib.
Xalqın təkidli tələbəi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətmizin inkişafına göstərdiyi diqqət və qayğı öz müsbət nəticəsini göstərdi. Dəyərlərimizin inkişafı sırasında bayrağa sevgi və hörmət xüsusi önəm daşıyırdı. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”. Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirir. Prezident cənab İlham Əliyev onu da qeyd etmişdir ki, “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal






















