Türkiyə Milli Müdafiə Nazirliyi İranın raket hücumu zamanı S-400 zenit raket kompleks sistemlərindən istifadə edilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Xeberaz.info xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Zəki Aktürk açıqlama yayıb.
Aktürk bildirib ki, Türkiyənin hava və raketdən müdafiə fəaliyyətləri təhdid qiymətləndirmələri və əməliyyat ehtiyaclarına əsaslanan müdafiə arxitekturası daxilində həyata keçirilir:
“Ən uyğun müdafiə elementi döyüş qaydaları və mövcud əməliyyat vəziyyəti nəzərə alınmaqla müəyyən edilir. Xatırlatmaq lazımdır ki, Türkiyə NATO-nun inteqrasiya olunmuş hava və raketdən müdafiə sisteminin bir hissəsidir. Bu sistem erkən xəbərdarlıq sensorlarından, komandanlıq və idarəetmə strukturundan, eyni zamanda önləyici raketlərdən ibarətdir. Ballistik raket aşkar edildikdə çox qısa cavab müddəti səbəbindən sistem avtomatik olaraq ən uyğun və ən sürətli tutucu raketi seçir və atəş açır. Bu kontekstdə Türkiyəyə yönəlmiş ballistik raket təhdidinə qarşı ən uyğun və effektiv müdafiə elementləri yerləşdirilib və raketlər uğurla məhv edilib”.
Qeyd edək ki, İran tərəfindən Türkiyə istiqamətində 4 və 9 martda 2 dəfə raket atılıb. Hər iki raket havada məhv edilib.


























