Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir.
Dünyada bir sıra uğurlu birlik nümunəsi olsa da, gücünü tarixindən alan və eyni soykökə sahib dövlətlərin səmərəli əməkdaşlığına rast gəlmək olduqca çətindir. Məhz bu çərçivədə Türk Dövlətləri Təşkilatı yeni dünya nizamında aparıcı mövqeyə sahibdir. Bu təşkilatın üzvlərinin sayı 2009-cu ildə təşkilatın cəmi dörd iştirakçısı olsa da, 2021-ci ildə iştirakçıların sayı yeddiyə çatıb. Türk Dövlətləri Təşkilatı iştirakçı ölkələrin müstəqilliyinə və suverenliyinə heç bir maneə yaratmır. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Son iki il ərzində cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir.
Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolu vardır.
Regionda gedən geosiyasi reallıqlar, super güclərin öz maraqları uğrunda mübarizə apardığı bir dövrdə türk dövlətlərinin daha intensiv əməkdaşlığına zəmin yaradır. Həmçinin müasir dövrdə dövlətlər arasında ittifaqlaşma prosesinin güclənməsi türk dövlətlərini eyni çətir altında birləşdirir. Türk Dövlətləri Təşkilatının ötən il keçirilmiş qeyri-rəsmi Zirvə toplantısı türkdilli dövlətlərin öz aralarında, həm siyasi-iqtisadi, həm də hərbi sferada əməkdaşlığın koordinasiyalı şəkildə möhkəmlənməsinə, təhlükəsizlik platformasının genişlənməsinə rəvac verən addımların atılacağının işarəsi olmuşdur. Bu format regional təhlükəsizliyin yeni strukturunun yaradılması baxımından vaciblik təşkil edirdi.
Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın əsas məqsədlərindən biridir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib.
Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir.
Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta ümumtəhsil məktəbinin direktoru