Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir.
Azərbaycan TDT-yə üzv olan ölkələrlə qardaşlıq münasibətlərinə malikdir. Türk dövlətlərini birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.
Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Dövlət başçısı cənab İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə tədbir iştirakçılarını Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət etdi. Təbii ki, bu dəvət, həmçinin Azərbaycanın türk dünyasının birliyinə xidmət edən hər bir addıma böyük dəstəyi, irəli sürdüyü təşəbbüslər özündə Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı səsləndirilən əminliyin əməldə öz təsdiqini tapmasıdır. Prezident cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının böyük gələcəyi olacağına əminliyini ifadə etməklə yanaşı, belə bir çağırışı da səsləndirmişdir ki, türk dünyası böyük ailədir.
Zirvə görüşünün mövzusu – “Şərq və Qərbin Görüş Nöqtəsi” şüarı özündə Türk Dövlətləri Təşkilatının əsas hədəfinin məhz Şərq və Qərb arasında körpü rolunu oynamaq olduğunu ehtiva edir. Təşkilatın fəal üzvü kimi Azərbaycanın malik olduğu resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu oynadığı reallıqdır. Azərbaycanın xarici siyasətində türk dünyasının birliyi, həmrəyliyi prioritet yer tutur. Ölkəmizin bu birliyə, həmrəyliyə verdiyi töhfələr davamlıdır.
Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq aləm bir daha türk dünyasının birliyinin şahidi oldu. Ümumilikdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hazırda dünya bu birliyi işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür. Azərbaycan xalqı böyük türk dünyasının önəmli bir parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasından faydalanmaqla yanaşı, bu sivilizasiyaya öz töhfəsini verməkdən sonsuz qürur duyur. Azərbaycan TDT-yə üzv olan ölkələrlə qardaşlıq münasibətlərinə malikdir. Türk dövlətlərini birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva