Təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü təşkilatın tarixində müşahidəçi dövlətdə keçirilən ilk sammit olaraq tarixə düşdü. Bu görüş həm də Macarıstanın Türk dövlətləri ilə iqtisadi və siyasi əlaqələrinin möhkəmləndirilməsindəki rolunu vurğuladı.
Sammitə qatılan TDT üzvü və müşahidəçi ölkələrin dövlət başçıları iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və rəqəmsal transformasiya kimi sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Azərbaycan bu sammitdə regional iqtisadi siyasətin formalaşdırılmasında liderliyini, ticarət, enerji və innovasiya sahələrində əhəmiyyətli mövqeyini bir daha nümayiş etdirib.
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı ölkə başçısı cənab İlham Əliyev ötən il Azərbaycanda COP29 kimi mötəbər konfransın keçirilməsinnə toxunub. Qeyd edilib ki, bu mötəbər tədbir 200 ölkənin yekdil qərarı ilə Azərbaycanda keçirilib. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkilinə nail olunub. Tədbirdə 197 ölkəni təmsil edən 77 min iştirakçı, 70 dövlət və hökumət başçısı iştirak edib. Nəticə etibarı ilə Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.
Azərbaycan bu il Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Türk Dövlətləri Təşkilatının getdikcə güclənməsi birlikdə olan dövlətlərin problemlərinin də həllinə real imkanlar yaradır və bu da təşkilatın daha da möhkəmlənməsini, bölgədə söz sahibinə çevrilməsini şərtləndirir. Yeni dövrdə Azərbaycanın xarici siyasət kursunun prioritetlərindən biri Türk Dövlətlər Təşkilatının gücünün və nüfuzunun artırılmasıdır. Prezident cənab İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikirləri də məhz Azərbaycanın bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər də sözügedən birliyi daha da gücləndirir. Təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident cənab İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi Azərbaycan dövləti və xalqının türk dünyasının inkişafı naminə həyata keçirdiyi bütün işlərə verilən yüksək qiymət idi.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova