Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti
Dil xalqın yaşatmalı və saflığını daim qorumalı olduğu milli sərvətidir. Xalqın dili millətin düşüncə səviyyəsini, təfəkkürünü əks etdirməklə bərabər, təsvir forması onun zənginliyindən xəbər verir. Hər bir müstəqil ölkə üçün vacib amillərdən biri onun dövlət dilidir. Azərbaycan Respublikası müstəqilliyinin bərpasından sonra cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında Azərbaycan dili dövlət dili kimi mühüm rol oynamışdır. Bu illər ərzində ölkəmizdə dilin inkişafı, tətbiqi sahəsində uğurlu işlər görülmüşdür. Müstəqil Azərbaycanın dil siyasətində Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuş və bu ənənə davam etməkdədir. Onun rəhbərliyilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasıyada dövlətimizin dil siyasəti xüsusli yerdə dayanır. Müxtəlif illərdə işin məqsədyönlü aparılması məqsədilə Konstitusiyasıyaya əlavə dəyişikliklər edilmişdir. 2001-ci il 18 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və 2001-ci il 9 avqust tarixində “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar verilmişdir. Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı məqsədilə 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” zəruri tədbirlər müəyyənləşdirmişdir.
2012-ci il 23 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, 2012-ci il 29 may tarixində “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Qərarı, 2013-cü il 9 aprel tarixində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 2018-ci il 17 iyul tarixində “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” imzalanmış Sərəncamlar ana dilinə dövlət qayğısının artırılmasına və hər zaman diqqətdə dayanmasına nümunədir.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc























