image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-124f4313622c065af116e9eb47f4b19f

Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim, çünki bu, bizim şanlı Zəfərimizin tarixidir

image-legitimaz-810x90

Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim, çünki bu, bizim şanlı Zəfərimizin tarixidir

İyunun 24-də ölkəmizin enerji sektorunda əlamətdar hadisə yaşandı. Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi. Mərasimdə iştirak edən Prezident cənab İlham Əliyev, eyni zamanda, İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov çıxış etdilər. Bu açılış mərasimi ölkəmizin enerji potensialı ilə yanaşı, Azərbaycan-İtaliya, Azərbaycan-Çin münasibətlərinin də təqdimatı oldu. Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.
Dövlət başçısı İlham Əliyev sözügedən açılış mərasimindəki çıxışında diqqəti bu məsələlərə yönəldərək bildirdi ki, həm İtaliya, həm də Çinin Azərbaycanın strateji tərəfdaşlarıdır. İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident cənab İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. İlk növbədə ölkənin enerji sisteminin səmərəliliyi artırılacaq, potensial, generasiya gücü artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, Azərbaycana təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək.
Hazırda Azərbaycan bərpaolunan enerji layihələri istiqamətdə qabaqcıl ölkələr sırasındadır. Əgər bu gün ölkəmizin ümumi generasiya gücü 9000 meqavatdırsa, imzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər Azərbaycana 6500 meqavat yaşıl enerji verəcəkdir. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazın ixracı daha da artacaq.
Azərbaycan regionun əsas enerji qovşağı kimi mövqeyini daha da möhkəmləndirir, Avropanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır. Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Hazırda Azərbaycanın təbii qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyasına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. “Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycan bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.
Son 20 ildə Azərbaycanın energetika sistemi sıfırdan qurulub. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları quruldu. Mingəçevirdə də yenidənqurma işləri aparıldı. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu. 2020-ci il iyununda burada stansiyaya yeni həyat verildi. Hazırda “Azərbaycan” İstilik Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. “8 Noyabr” layihəsinin qısa müddətdə icra edilməsi rekord nəticədir.
İstismara verilən “8 Noyabr” Elektrik Stansiyası üçün bu adın seçilməsi də təsadüfi deyil. Dövlət başçısı İlham Əliyev vurğuladı ki, bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Bu stansiyanın ömrünün uzun və fəaliyyətinin uğurlu olacağına əminik.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki