Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir.
1988-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı kütləvi hədə qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilirdi. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirilməyə başladı, 500 minə yaxın soydaşımız öz ata-baba yurdlarından zorla qovularaq qaçqına çevrildilər. 1992-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağ münaqişəsi daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin üzvü oldu və həmin il iyulun 8-10-da ATƏM-in Helsinkidə keçirilən Zirvə toplantısında onun sənədlərini imzaladı. ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv dövlətlərin daha çox diqqət obyektinə çevrildi.1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa və Laçının işğalı münaqişənin mahiyyətini dəyişərək yeni siyasi problem yaratdı və sülh missiyasını öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda maneəyə çevrildi. Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda qarşı tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə, Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngidilməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başlayaraq xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Dahi Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də, çoxtərəfli görüşlərdə, ATƏT-in Zirvə toplantılarında, Minsk Qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, beynəlxalq forumlarda, həmçinin, Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi ardıcıl səylər dövlət başçısının apardığı siyasətin mühüm hissəsini təşkil etmişdir.Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq sahəsində təxirəsalınmaz vəzifələrindən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəti addımlar atmaqdan ibarət olmuşdur.Bu məqsədlə Ulu Öndər Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə nizamlanması məqsədilə məhz Prezident Heydər Əliyevin qətiyyəti və gərgin fəaliyyəti sayəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı.1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında beynəlxalq sülhməramlı qüvvələrin yaradılması və münaqişə bölgəsinə göndərilməsi qərara alındı. Bundan başqa, Budapeştdə həmsədrlik institutu da təsis edildi. Minsk konfransına iki həmsədrin təyin edilməsi və Minsk Qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edildi. Rusiyanın bu münaqişədə maraqlı tərəf olduğu nəzərə alınaraq, ATƏM-in Minsk konfransında, o cümlədən, Minsk Qrupunda həmsədrlik Rusiya və Finlandiyaya tapşırıldı. Bu razılıq təkcə Budapeşt görüşünə qədər gərgin olaraq qalan Qərb-Rusiya münasibətlərinin yumşaldılması deyil, həm də münaqişənin həlli istiqamətində Rusiyanın “fərdi sülhyaratma” istəyinin qarşısının alınması idi.ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı, ABŞ və Fransa nümayəndələri də Minsk Qrupunun həmsədrləri təyin olundu. 1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk Qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq iki hissədən ibarət – Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 7 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə dair 3 təkliflə çıxış etmişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin “paket” həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin “mərhələli” həllindən ibarət idi. Azərbaycan Prezidenti həmin planlarla tam razı olmasa da, sülh prosesinin ölü nöqtədən çıxarılması məqsədilə həmsədrlərin hər iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı. Sonrakı illərdə də ATƏT-in Minsk Qrupunun fəaliyyəti Azərbaycanın nəinki xeyrinə hər hansı bəyanatın verilməsinə xidmət etmədi, hətta təcavüzkar Ermənistanın gözlə görünən riyakar əməllərini görməzdən gəlindi. Bütün bunları düzgün qiymətləndirən dövlət başçı cənab İlham Əliyev hər zaman bu qurumun fəaliyyətində ikili yanaşmanın olduğunu vurğulayır və hadisələrə düzgün qiymət verməyə dəvət edirdi. Əbəs yerə deyil ki, Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib. “Mən əvvəlcə bizim regionda yaranan vəziyyətlə bağlı həmkarlarımı məlumatlandırmaq istərdim. Həmkarlarım yaxşı bilirlər ki, Azərbaycanın ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə mən bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmırdım. Çünki münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olurdu, o, mandata sahib idi. Təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfıra bərabərdir. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib”.Bəli Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevinin rəhbərliyi ilə Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təxribatına Beynəlxalq təşkilatların gözdən pərdə asan bəyanatları ilə deyil 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmaqla damğa vurdu.
Zərdab rayonu üzrə gənclə və idman sektorunun əməkdaşı – Bahar Qurbanova






















