image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-unnamed

Tarixi Qələbəyə aparan yol

image-legitimaz-810x90

Tarixi Qələbəyə aparan yol.

Şərəfli və mənalı ömür yolunu müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun dünya ölkələri arasında layiqli yer tutmasına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına həsr etmiş Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi və iqtisadi sahələrdə Azərbaycan xalqının maraqlarına uyğun siyasət həyata keçirdi.

Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük layihələr məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub.

Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişində, inkişafında, milli maraqların qorunmasında, həm də, ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.

Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. Noyabr ayının 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı,      28 illik həsrətdən sonra böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin vəsiyyətini həyata keçirdi, xalqımıza Qələbə sevincini yaşatdı.

1993-cü ilin 15 iyun tarixindən başlayan Milli Qurtuluş yolu, 2020-ci ilin 8 noyabr tarixində Azərbaycana öz tarixinin ən böyük zəfərini yazmaq imkanı yaratdı. Bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqı 8 noyabr tarixinə gedən yolda ilk addımları, məhz 1993-cü ilin 15 iyun tarixində atmışdır. Azərbaycan xalqının qurtuluşdan zəfərə gedən yolu, həm də, Azərbaycan xalqının zəfər tarixidir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki