Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi.
4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Məhz bu tarixdə Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırılıb. Oktyabrın 4-də Azərbaycanın Cəbrayıl rayonunun Ermənistanın işğalından azad olunmasının beşinci ili tamam olur və həmin gün biz həm də Cəbrayıl şəhəri gününü qeyd edirik. Düz beş il əvvəl Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin başçılığı ilə qəhrəman Azərbaycan Ordusu Cəbrayıl rayonunu düşməndən azad etdi. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Qəhrəman övladlarımızın şücaəti nəticəsində 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra azadlığa qovuşdu və ordumuz əlverişli mövqelər əldə edərək Xocavənd rayonunun cənub kəndləri və Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirmək üçün geniş imkanlar qazandı. İşğal dövründə ermənilər Cəbrayıl rayonunda böyük, ağlasığmaz dağıntılar törətdilər. 1050 kv.km ərazisi olan rayon və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğal zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur oldular. Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil oldu.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva 2021-ci il noyabrın 16-da işğaldan azad olunmuş Cəbrayıl rayonuna gəldilər. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Bu rayonun ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması isə böyük tarixi və siyasi əhəmiyyətli hadisələrdən biri idi. Çünki xalqımızın tarixində və qan yaddaşında dərin iz buraxan Xudafərin körpüsü həm də milli qürur mənbəyimizdir.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova