“Suverenliyə aparan yolun zirvəsi: 2023-cü il antiterror əməliyyatları”
Şanlı zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın kapitulyasiya aktını imzalamasına baxmayaraq, Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələri hələ də öz mövcudluğunu qorumağa çalışır, hərbi təxribatlar törədir, ərazilərə minalar basdırır, bölgədə sabitliyə təhlükə yaradırdılar. Dəfələrlə beynəlxalq ictimaiyyət qarşısında bu məsələ gündəmə gətirilsə də separatçı ünsürlər öz havadarlarına güvənərək silahı yerə qoymaqdan imtina edirdilər. Buna cavab olaraq Azərbaycan Ordusu 19 sentyabr 2023-cü il tarixində bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqəyə qanunsuz hərbi obyektlər zərərsizləşdirildi, düşmənin komanda məntəqələri nəzarətə götürüldü, silahlı birləşmələr tərksilah olundu və 20 sentyabrda separatçı qüvvələr kapitulyasiya edərək Azərbaycanın bütün şərtlərini qəbul etdilər. Antiterror əməliyyatı ölkəmizin yeni tarixində mühüm dönüm nöqtəsi oldu. Bununla da Azərbaycan Respublikası tam suveren dövlət kimi öz ərazilərində qanuni hakimiyyətini bərqərar etdi, uzun illər bölgədə qanunsuz mövcudluq saxlayan rejim birdəfəlik aradan qaldırıldı, regionda təhlükəsizlik təmin olunaraq silahlı təxribat mənbəyi tamamilə yox edildi. Qısa müddətdə əldə edilən qələbə həm ordumuzun peşəkarlığının, həm də xalqımızın sarsılmaz birliyinin göstəricisi oldu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, müasir hərbi arsenala malik ordumuz, peşəkar hərbiçilərimiz və qəhraman döyüşçülərimiz sayəsində bütün dünyaya sübut olundu ki, Azərbaycan dövləti heç bir təhdidə güzəştə getmir və öz müqəddəratını özü həll etmək iqtidarındadır.
Müstəqilliyimizin ilk illərində Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edən, dövlət institutlarının möhkəmləndirilməsinə, ordu quruculuğuna xüsusi diqqət yetirən və beynəlxalq aləmdə Azərbaycanın maraqlarını qorumaq üçün çevik diplomatiya həyata keçirən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi “güclü dövlət, güclü ordu” konsepsiyası sonrakı illərdə torpaqlarımızın azad olunması üçün əsas baza rolunu oynadı. Bu siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycanı regionun lider dövlətinə çevirdi. Onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, iqtisadi inkişaf, müasir ordunun formalaşdırılması və güclü diplomatik fəaliyyət Vətən müharibəsində tarixi zəfərin qazanılmasına gətirib çıxardı. Bu zəfər təkcə hərbi qələbə deyil, həm də Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin məntiqi davamı idi. Bu gün Azərbaycan suverenliyini tam təmin etməklə bölgədə yeni reallıqlar yaradaraq, Qarabağı dirçəltmək kimi tarixi missiyanı uğurla icra edir. İşğaldan azad edilmiş ərazilərimizdə dalğalanan şanlı bayrağımız xalqımızın qətiyyətinin, zəfərin, gələcəyə inamın ən böyük rəmzi, dövlətimizin qüdrətinin qürurlu sübutudur. Suveren Azərbaycan Respublikasının qüdrəti, xalqımızın sarsılmaz iradəsi, vətənə sonsuz məhəbbəti və birliyi ilə daha da artacaq, xalq–dövlət birliyi sayəsində Azərbaycan daim inkişaf edəcək, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir iradəsi sayəsində yeni-yeni zəfərlərə imza atılacaqdır.
Vətən, uğrunda gözünü qırpmadan canını fəda edən mərd və igid övladları ilə var olur, onların qanı və canı bahasına qorunur. Şəhidlərimizin ucaldığı müqəddəs zirvə, göstərdikləri qəhrəmanlıq ölkəmizin əbədi varlığının, müstəqilliyimizin və suverenliyimizin sarsılmaz dayağıdır. Bu amal uğrunda canlarını fəda edərək əbədi qəlblərdə məskən salan qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi qarşısında dərin ehtiramla baş əyir, onların ruhlarını minnətdarlıq və qürurla yad edirik. Vətən uğrunda sağlamlığını itirərək qəhrəmanlıq göstərmiş qazilərimizə isə Allahdan şəfa, uzun ömür və möhkəm iradə diləyirik. Onların göstərdiyi igidliklər xalqımızın yaddaşında daim yaşayacaq və gələcək nəsillərə yol göstərən əbədi məşəl kimi nur saçacaq.