Bu gün “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının dördüncü ildönümüdür.
Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış sənəd iki qardaş ölkə arasında əlaqələrin inkişaf trayektoriyasını strateji və institusional çərçivəyə salmaqla yanaşı, regionda yeni güc balansının formalaşmasında və təhlükəsizlik arxitekturasının qurulmasında mühüm rol oynayır. Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarında ifadə olunan dəyərləri əks etdirən sənədin işğaldan azad edilmiş Şuşa şəhərində və Milli Qurtuluş Günündə imzalanması isə ona əlavə siyasi rəmzlik və mənəvi dəyər qazandırır. İki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan praktiki əməkdaşlıq bundan sonra da regional reallıqları müəyyən edən mühüm amillərdən biri olacaq.