image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-susa-_tehlil_-refige2

Şuşa Bəyannaməsi çoxşaxəli strateji müttəfiqliyin rəmzinə çevrilmişdir

image-legitimaz-810x90

Şuşa Bəyannaməsi çoxşaxəli strateji müttəfiqliyin rəmzinə çevrilmişdir

Bu il Şuşa Bəyannaməsinin imzalanmasından 4 il ötür. Heç bir şübhə yoxdur ki, bu bəyannamə Azərbaycan ilə Türkiyənin sarsılmaz qardaşlığını bütün dünyaya bəyan edən mühüm bir siyasi və mənəvi mesajdır. Tariximizin və mədəniyyətimizin dilbər guşəsi Şuşada imzalanan bu sənəd, iki qardaş ölkə arasında mövcud olan dərin münasibətlərin yeni və parlaq mərhələsinin başlanğıcını qoydu. Şuşa Bəyannaməsi çoxşaxəli strateji müttəfiqliyin rəmzinə çevrilmişdir. Tarixi Qars müqaviləsinin hüquqi və siyasi davamı olaraq, bir əsr sonra imzalanan bu sənəd, ortaq tarixə, ortaq mədəniyyətə və ortaq gələcəyə sədaqətin əbədi nişanəsidir. Bu bəyannamə yalnız Türkiyə-Azərbaycan münasibətlərini daha da möhkəmləndirməklə kifayətlənmir, həm də hər iki ölkənin bir-birini qoruyacağına, müdafiə edəcəyinə və hər şəraitdə dəstək verəcəyinə dair sarsılmaz iradəni ortaya qoyur. Şuşa Bəyannaməsi — dostluğun, qardaşlığın imzası, gələcəyin ortaq yol xəritəsidir.

Müasir Azərbaycanın xarici siyasət tarixində Şuşa Bəyannaməsi ölkənin dinamik diplomatiyasının və çoxtərəfli beynəlxalq formatlarda fəal iştirakının mühüm dayağı kimi çıxış edir. 2021-ci ildə imzalanmış bu strateji sənəd Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirməklə yanaşı, regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı inkişafın əsasını qoymuşdur. Şuşa Bəyannaməsinin əsas məqsədi Bakı ilə Ankara arasında siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, eyni zamanda, regionda meydana çıxan geosiyasi təhdidlərin qarşısının alınması və mümkün fəsadların minimallaşdırılmasıdır. Bu bəyannamə, xüsusilə Cənubi Qafqaz və Cənub-Şərqi Avropada iqtisadi inkişafın sürətləndirilməsi, nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. 2022-ci ildə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin Azərbaycan Respublikasının qanunu kimi təsdiqlənməsi, bu sənədə hüquqi və siyasi zəmin qazandırmaqla yanaşı, onun strateji təsirini daha da artırmışdır. Bu akt yalnız iki qardaş ölkə arasında münasibətlərin gücləndirilməsi deyil, həm də Cənubi Qafqazda və ümumilikdə Avropa məkanında sülh, sabitlik və davamlı inkişaf üçün yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.

Maraqlı və eyni zamanda dərin mənalı məqamlardan biri ondan ibarətdir ki, 15 iyun artıq ikinci dəfədir ki, Azərbaycan tarixində strateji və simvolik əhəmiyyətə malik xüsusi bir günə çevrilmişdir. Əgər 31 il əvvəl – 1993-cü ilin 15 iyununda Azərbaycan dövlət olaraq parçalanmaq, daxili qarşıdurmalar və xaos səbəbindən siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə idisə, bu gün – artıq 15 iyun, müstəqil, güclü və qalib Azərbaycanın bölgədə və dünyada sülhə, təhlükəsizliyə və rifaha verdiyi mühüm töhfənin ifadəsi kimi tarixə yazılır. Bu baxımdan, 2021-ci ildə imzalanan və 2022-ci ildə Azərbaycan Respublikasının Qanunu kimi təsdiqlənən Şuşa Bəyannaməsi, müasir dövrün siyasi, mənəvi və tarixi reallıqlarını özündə ehtiva edən nadir sənədlərdən biridir. Bu sənəd, eyni etnik köklərə və ortaq mədəniyyətə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərini yeni, daha keyfiyyətli və strateji bir mərhələyə keçirir. Şuşa Bəyannaməsi, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir” kəlamları ilə özünün ideoloji və siyasi təməlini tapır. Bu sənəd sadəcə ikitərəfli münasibətlərin hüquqi çərçivəsini müəyyənləşdirmir, eyni zamanda ortaq gələcəyin konturlarını da formalaşdırır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki