Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir
Azərbaycan və Türkiyə hər an qardaşlığın əsl nümunəsini dünyaya təqdim edir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə bu birliyin təqdimatında əhəmiyyətli rol oynayan “Azərbaycan tək deyil” mesajı 2021-ci il 15 İyun-Milli Qurtuluş Günündə Şuşada iki qardaş ölkənin müttfiqliyinin rəsmiləşdirilməsi ilə nəticələndi. Türkiyə dövlətinin, xalqının 44 gündə Azərbaycana mənəvi və siyasi dəstəyi bizi daha da ruhlandırdı, tarixi Zəfərə yol açdı. Şuşada verilən mesajları nəzərə alaraq, iki ölkənin Prezidentlərinin – İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan münasibətlərində yeni bir dövrə qapı açdıqlarını böyük qürur hissi ilə qeyd edirik. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə münasibətlərinin yeni yol xəttini təyin edən sənəddir. İmzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsini əhəmiyyətini dolğun şəkildə ifadə etdi: “Bəyannamə yaxşı bir əməkdaşlıq sənədi olmaqla yanaşı gələcək münasibətlər üçün zəmanətdir”.
İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir.
Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir. Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir. Eləcə də Azərbaycan ilə Türkiyə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.
Bəyannamədəki vacib məsələlər arasında 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması, tarixçilər tərəfindən aparılan araşdırmalara dəstək, parlamentlərarası əlaqələrin gücləndirilməsi və dünyanın müxtəlif ölkələrində Azərbaycan – Türk diasporları arasında əlaqələrin inkişafı mühüm yer tutur.
Ümumilikdə sənəd dünənimizə baxış, gələcək hədəflərin təqdimatıdır. Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafı üçün bütün imkanlar mövcuddur. Bu ilin 28 May-Müstəqillik Günündə Laçında keçirilən bayram tədbirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə Azərbaycanla güclü əməkdaşlıqlar qururuq. İlham qardaşımın bənzərsiz töhfələri sayəsində münasibətlərimizi hər gün təkcə bölgəyə deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə çatdırırıq” söyləyərək onu da əlavə etdi ki, sabitlik abidəsi kimi yüksələn Azərbaycanın uğurları ilə hamımız qürur duyuruq. Otuz ildən sonra əsarətdən azad olunan Qarabağ üçün artıq uğur, sülh və inkişaf hekayəsi yazmaq zamanıdır. Bu gün keçmişdə yaşadığımız ağrılardan dərs alaraq davamlı sülhün bərqərar olmasını, etimadın və mehriban qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini