image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-d441b068-2d92-4ea0-b3eb-9dd564c10991

Sükutu sındıran söz: Ayaz Arabaçı ilə vicdanın poeziyası – Ədəbi müsahibə

image-legitimaz-810x90

Ayaz Arabaçı çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus poetik dəst-xətti ilə seçilən ünlü şairlərdən biridir. Onun yaradıcılığı emosional səmimiyyəti ilə yanaşı, intellektual çəkisi ilə də seçilir..
Ayaz Arabaçı sözə yalnız ifadə vasitəsi kimi deyil, düşüncə və ruhi təcrübə kimi yanaşır. O, klassik poetik duyumu müasir estetik axtarışlarla ustalıqla birləşdirir, oxucunu təkcə oxumağa deyil, düşünməyə və hiss etməyə dəvət edir.

Yaradıcılığı ilahi metafizika yan-yana addımlayır.  Şair hər şeirində müasir oxucunun daxili suallarına poetik cavablar axtarır.
Ayaz Arabaçı Azərbaycan poeziyasına yeni nəfəs və yeni ritm gətirən qələm sahiblərindəndir. Bu səbəbdən onun yaradıcılığı geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanır. Şair bu gün çağdaş ədəbiyyatımızda öz mövqeyini formalaşdırmış və təsdiqləmiş güclü poetik səsdir. O, haqsızlıqla barışmayan, susmağı qəbul etməyən üsyankar bir şairdir. Onun poeziyasında etiraz sakit deyil, dərin və düşündürücüdür.

Şair ədalətsizliyə qarşı qışqırmır, amma hər misrası ilə haqqın tərəfində durur. Zülm onun şeirlərində təkcə sosial hadisə kimi deyil, mənəvi bir yara kimi təqdim olunur.
Ayaz Arabaçı insan ləyaqətinin tapdandığı yerlərdə sözü silaha çevirir. O, susdurulan səslərin, yarımçıq qalan talelərin poetik sözçüsüdür.
Poeziyasında qorxuya yer yoxdur, amma məsuliyyət hər misrasında hiss olunur. Ayaz Arabaçı üçün şeir estetik zövqdən öncə mənəvi mövqedir.
O, zamanın rahat yalanları ilə uzlaşmır.. Bu səbəbdən Ayaz Arabaçının poeziyası yalnız oxunmur, yaşanır.

Beləliklə şairlə üz-üzəyik…

 – Şeir sizin üçün nə vaxt başlayır – haqsızlıq gördüyünüz anda, yoxsa susa bilmədiyiniz anda?
Şeir mənim üçün haqsızlıqla yox, susqunluq buzunu sındıra bildiyim anla başlayır. Haqsızlıq dünyanın köhnə vərdişidir, amma susa bilməmək vicdanın üsyanıdır.Bu üsyanda Mirzə Cəlil, Sabir,Seyid Əzim ruhu yaşayır. İçimdə bir söz boğulanda, nəfəsim daralanda, susmağı özümə xəyanət hesab edəndə şeir doğulur. Mən hadisəni yazmıram, ona dözə bilməyən ruhun ağrısını yazıram.
 – Şeirlərinizdə tez-tez bir etiraz tonu var. Siz daha çox nəyə etiraz edirsiniz: cəmiyyətə, insanlara, yoxsa özünüzə?
Ən ağır və ən dürüst etiraz özümədir. Çünki cəmiyyət də, insanlar da əvvəlcə mənim içimdən keçir. İçimdəki qorxuya, rahatlığa, susmağa meylli tərəfə etiraz etməsəm, kənardakı haqsızlığa etirazım saxta olar. Mən şeirdə dünyaya yox, əvvəlcə öz içimdəki təslimçiliyə qarşı çıxıram.
 – Dürüst olmaq şair üçün üstünlükdür, yoxsa ağır bir yük? Siz bu yükü necə daşıyırsınız?
Dürüstlük üstünlük deyil, taleyin hökmüdür. O, səni rahat yalanlardan, təhlükəsiz susqunluqlardan məhrum edir. Dürüst şair,sözünə, özünə dəyər verən şair tək qalmağa, anlaşılmamağa, bəzən sevilməməyə məhkumdur. Mən bu yükü yazıya çevirərək daşıyıram. Yazmasam, özümü bağışlamaram.Bazara girdin gözüqıpıq, sən də ol gözüqıpıq təfəkküründən uzaqdayam.Əslində yazanda ağrı keçmir, mənə çevrilir.
 – Şeirlərinizdə “barışmayan” bir adam görürük. Ayaz Arabaçı həyatda da barışmayan biridir, yoxsa bu yalnız şeirin dilidir?
Şeir yalan danışa bilməz. Orada görünən barışmazlıq həyatda da var , sadəcə həyatda bəzən susqun, şeirdə isə çılpaqdır. Mən insanla barışa bilərəm, zəifliklə də… amma haqsızlıqla yox. Şeir gizlətdiyim üsyan deyil, gizlədə bilmədiyim həqiqətdir.
 – Haqqsızlıq sizi daha çox qəzəbləndirir, yoxsa kədərləndirir? Bu hisslər şeirə çevriləndə hansı qalib gəlir?
Əvvəl kədər gəlir, sonra qəzəb. Amma şeirə çevriləndə kədər qalib çıxır. Qəzəb səs-küylüdür, kədər isə dərin. Qəzəb bağırır, kədər oyadır. Mən oxucunun qəzəblənməsini yox, oyanmasını istəyirəm.
 – Oxucu sizi oxuyanda bəzən öz iç səsini eşidir. Sizcə şair oxucunun aynasıdır, yoxsa yarası?
Şair əvvəlcə yaradır, sonra aynaya çevrilir. İnsan öz yarasını görmədən özünü tanıya bilməz. Oxucu mənim misralarımda öz səsini eşidirsə, deməli, mən onun deməyə qorxduğu şeyi demişəm.
Bir sözlə şeir ağrıkəsici deyil, ağrını şiddətləndirəndir.Şair sakitləşdirmək üçün yox, oyatmaq üçün yazır. Hər oyanış isə ağrılıdır.
 – Heç olubmu ki, yazdığınız bir şeirə görə tək qalmısınız, anlaşılmamısınız və ya itirmisiniz? Buna baxmayaraq yenə yazardınızmı?
Olub. Və bu, şair üçün gözləniləndi. Bəzən bir misra səni dostdan, rahatlıqdan, rahat bir həyatdan ayırır. Amma yenə yazardım. Çünki yazmasaydım, özümü itirərdim. İnsan hər şeyi itirə bilər, amma özünü itirəndə artıq heç nəyi qazana bilməz.
 – Bugünkü cəmiyyətdə şeirə münasibət birmənalı deyil. Sizcə şeir hələ də nəyisə dəyişə bilər, yoxsa sadəcə vicdanlı qalmağın yoludur?
Şeir bəzən dünyanı dəyişmir, amma insanı dəyişir. Dəyişən insan isə gec-tez dünyanı yeniləyəyəcək. Şeir vicdanlı qalmağın yoludur və bu az şey deyil. Vicdanını qoruyan insan hər sistem üçün təhlükəlidir. Şeir səssiz inqilabdır: qan tökmür, amma zülmün yuxusana haram qatır, zalımın rahatlığını pozur.
 – Sizi yazmağa məcbur edən susqunluqdur, yoxsa danışa bilməyən insanların yükü?
Hər ikisi. Mən öz susduqlarımı daşıyıram, bir də başqalarının deyə bilmədiklərini. Bəzən şeir mənim yox, mənim içimdən keçən səslərin dili olur. Yazmaq mənim üçün seçim deyil borcdur.
 – Ayaz Arabaçı bir gün susarsa, bu məğlubiyyət olar, yoxsa ən böyük etiraz?
Əgər qorxudan susarsa, şəxsi mənafeyindən dolayı susarsa məğlubiyyətdir.
Əgər sözü tükəndiyi üçün susarsa ən böyük etirazdır.
Bəzən susmaq elə bir hayqırtıdır ki, onu yalnız vicdanı olanlar eşidir.

Bəli, bu müsahibə bir şairlə söhbət deyil, vicdanla üz-üzə qalmaq idi. Ayaz Arabaçı şeiri bəzəkli cümlələrə yox, məsuliyyətə çevirən nadir qələm sahiblərindəndir. Onun sözündə qəzəb qışqırmır, amma susmağa da imkan vermir. O, oxucunu rahatlığından çıxaran, düşünməyə məcbur edən, daxildə gizlənmiş sualları işıq altına çəkən bir poetik mövqenin təmsilçisidir. Bu müsahibədən sonra bir daha aydın olur ki, Ayaz Arabaçı üçün şeir yazmaq məşğuliyyət deyil, mövqedir. Və belə mövqelər susduqda yox, danışdıqca cəmiyyəti silkələyir.

“Duzxeber.az” üçün haırladı
Jalə Asiman


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki