Su mənbələri hər bir ölkə üçün çox önəmlidir.
Dünyada iqlim dəyişiklikləri, əhali artımı və urbanizasiya prosesləri şirin su ehtiyatlarına təzyiqi artırır. Bu şəraitdə su mənbələrinin qorunması və səmərəli idarə olunması hər bir dövlət üçün prioritet məsələ kimi çıxış edir. Azərbaycanda su mənbələrinin qorunması və səmərəli idarə olunması sahəsində dövlət səviyyəsində həyata keçirilən uzunmüddətli proqramlar su təhlükəsizliyinin təmin olunmasına yönəlmiş strateji addımlar hesab olunur.
Cənab Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə cənab Prezident qeyd etdi ki, “Bizim su mənbələrinin təqribən dörddə bir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır – Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır”.
Su resursları bu gün təkcə məişət tələbatının ödənilməsi vasitəsi deyil, eyni zamanda iqtisadi inkişafın, sosial rifahın və milli təhlükəsizliyin əsas dayaqlarından biridir. Bakı şəhəri və Abşeron yarımadası ölkənin ən sıx məskunlaşmış və iqtisadi cəhətdən ən fəal regionudur. Burada su mənbələrinin düzgün idarə edilməsi həm əhalinin fasiləsiz su təchizatının təmin olunması, həm də sənaye və xidmət sahələrinin dayanıqlı fəaliyyəti baxımından xüsusi əhəmiyyət daşıyır. Son illər yeni su anbarlarının yaradılması, mövcud mənbələrin bərpası, alternativ su resurslarından istifadə imkanlarının genişləndirilməsi bu sahədə aparılan məqsədyönlü siyasətin göstəricisidir. Su ehtiyatlarının çirklənmədən qorunması, tullantı sularının təmizlənərək yenidən istifadəsi, yağış sularının toplanması və səmərəli yönləndirilməsi ekosistemin balansının saxlanılmasına xidmət edir. Bu yanaşma gələcək nəsillər üçün sağlam və təhlükəsiz yaşayış mühitinin təmin edilməsində mühüm rol oynayır.
Yeni Dövlət Proqramı çərçivəsində su mənbələrinin idarə olunmasına kompleks yanaşma nəzərdə tutulur. Buraya infrastrukturun modernləşdirilməsi ilə yanaşı, rəqəmsal monitorinq sistemlərinin tətbiqi, itkilərin minimuma endirilməsi və ictimai maarifləndirmənin gücləndirilməsi daxildir. Bu isə suya münasibətdə istehlak mədəniyyətinin formalaşmasına və resurslardan daha səmərəli istifadəyə şərait yaradır. Su mənbələrinin qorunması və davamlı idarə olunması yalnız bugünkü ehtiyacların ödənilməsi deyil, həm də ölkənin uzunmüddətli inkişafının təminatı kimi çıxış edir.
Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru




















