2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Bu müharibə təkcə hərbi gücün deyil, həm də düşünülmüş siyasətin, dəqiq strateji planlamanın və taktiki ustalığın parlaq göstəricisi idi. Azərbaycan dövlətinin illərlə apardığı diplomatik xətt, ordunun modernləşdirilməsi, beynəlxalq müstəvidə aparılan məqsədyönlü fəaliyyət və xalq-ordu birliyi müharibənin gedişinə birbaşa təsir göstərdi və nəticədə tarixi Qələbə qazandıq.
Vətən müharibəsində əldə olunan qələbə 30 ilə yaxın davam edən Ermənistan işğalçılıq siyasətinə son qoydu. Bu zəfər həm cəbhə xəttində, həm də diplomatik masada Azərbaycan dövlətinin iradəsinin təntənəsi idi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış Üçtərəfli Bəyanat məhz Azərbaycanın hərbi-siyasi üstünlüyünün nəticəsi olaraq meydana çıxdı. Bu sənəd bölgədə yeni reallıq yaratdı və işğal altında olan ərazilərin mərhələli şəkildə Azərbaycana qaytarılmasını təmin etdi.
Bəyanata əsasən Ermənistan ordusu Kəlbəcər rayonunu 2020-ci il 25 noyabr tarixində tam olaraq Azərbaycana təhvil verməli idi. Kəlbəcər müharibənin aktiv döyüş əməliyyatları instensivliyinin yüksək olduğu Qarabağ bölgəsindən fərqli olaraq, bir güllə belə atılmadan, diplomatik və siyasi üstünlük sayəsində geri qaytarıldı. Bu fakt Azərbaycan Ordusunun qətiyyətinin, Azərbaycan rəhbərliyinin siyasi iradəsinin və beynəlxalq səviyyədə yaratdığı güclü dayaqların nəticəsi idi.
Kəlbəcər rayonu strateji əhəmiyyətə malik bölgələrdən biri kimi xüsusi önəm daşıyırdı. Coğrafi mövqeyi, sərt dağlıq relyefi, təbii sərvətləri və Qarabağa açılan yolları ilə Kəlbəcər həm hərbi əməliyyatların, həm də bölgənin gələcək təhlükəsizliyinin əsas açarlarından sayılırdı. Bu rayonun işğaldan azad edilməsi Azərbaycan üçün yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də bölgənin təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi demək idi.
Üçtərəfli Bəyanatın icrası ilə Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi Azərbaycana qaytarıldı. Bu, son 30 ildə Kəlbəcərin ən böyük tarixi hadisəsi idi. Təhvil prosesinə qədər Ermənistan tərəfi bölgəni tərk edərkən infrastruktur obyektlərini yandırmaqla, meşələri məhv etməklə və əraziləri minalamaqla yenə də vandalizm törətdi. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövləti dərhal bölgədə bərpa və yenidənqurma işlərinə başladı.
Kəlbəcərin azad edilməsi Azərbaycanın siyasi və hərbi gücünün harmoniyasının bariz nümunəsidir. Müharibə dövründə əldə olunan taktiki üstünlük, yüksək döyüş qabiliyyəti, müasir silahlanma və dəqiq koordinasiya edilmiş əməliyyatlar diplomatik masada da üstünlüyü təmin etdi. Sonda isə tarix göstərdi ki, güclü ordu və qətiyyətli siyasi iradə birləşəndə Azərbaycan kimi dövlətlər öz torpaqlarını azad etmək gücünə malikdirlər.
Bu gün Kəlbəcərdə genişmiqyaslı quruculuq işləri aparılır, yollar, tunellər, elektrik xətləri, sosial obyektlər bərpa olunur. Bu dəyişikliklər 2020-ci ildə qazanılmış qələbənin davamı, Azərbaycanın gələcəyə inamla baxmasının göstəricisidir. Kəlbəcərin azadlığı yalnız bir rayonun qaytarılması deyil, həm də milli qürurun, birlik və iradənin təcəssümüdür.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə





















