Siyasətdə Ulu Öndər Heydər Əliyev üslubu
Azərbaycan xalqının dövlətçilik tarixində 1993-cü il xüsusi önəm daşıyan bir mərhələdir. XX əsrin sonlarında ölkəmiz böyük sınaqlarla üz-üzə qalmış, həm siyasi, həm də hərbi cəhətdən olduqca mürəkkəb bir dövr yaşayırdı. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının tarixi arzusu olsa da, bu müstəqilliyi qoruyub saxlamaq o dövrdə heç də asan məsələ deyildi. Ermənistanın hərbi təcavüzü, daxildə hökm sürən siyasi qeyri-sabitlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni parçalanma həddinə gətirmişdi. Belə bir həssas məqamda xalqın təkidli tələbi ilə böyük dövlət xadimi Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. 1993-cü ilin 3 oktyabrında keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi hadisə müstəqil Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Çünki xalq Ulu Öndər Heydər Əliyevə yalnız bir lider kimi deyil, həm də xilaskar kimi baxırdı. Onun zəngin siyasi təcrübəsi, müdrikliyi və qətiyyətli addımları sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə dövlətçiliyin möhkəmlənməsini, hüquqi, siyasi və iqtisadi islahatların başlanmasını təmin etdi. Ulu Öndər ilk növbədə ölkədə sabitlik yaratmağa nail oldu. Hərbi sahədə ordunun formalaşdırılması, dövlətçiliyə sədaqətli zabit və əsgərlərin birləşdirilməsi ilə Azərbaycan Silahlı Qüvvələrinin əsasları qoyuldu. Bu, sonrakı illərdə Azərbaycanın müdafiə gücünün möhkəmlənməsi baxımından həlledici addım idi.
1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını ilk dəfə beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirilməsi də məhz Ulu Öndər Heydər Əliyev Əliyevin iti zəkası, fədakar əməyi, böyük zəhməti sayəsində mümkün olub. Dahi Lider öz əzmi və uzaqgörənliyi ilə qurub-yaratdığı şah əsəri hesab olunan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə etibar etmişdir. Məhz Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və müdrik sərkərdəliyi, ordumuzun gücü və qəhrəman oğullarımızın cəsarətləri sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur. Bu tarixi Zəfər Ümummilli Liderin ən böyük arzusu olan Qarabağın düşmən işğalından azad edilməsi ilə gerçəkləşmişdir.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc