“DogruXeber.tv” xəbər verir ki, səmadan qeydə alınmış havafoto görüntülərdə əks olunan bu gözoxşayan, eyni zamanda qışın sərt üzünü nümayiş etdirən mənzərə Cəbrayıl rayonu ərazisində yerləşən Horovlu kəndinə aiddir. Güclü qar yağmasına baxmayaraq, ərazidə formalaşan nizamlı və diqqətçəkən görüntü görülən işlərin sistemli və peşəkar şəkildə həyata keçirildiyini aydın şəkildə ortaya qoyur.
Son günlər respublikanın bir çox bölgələrində müşahidə olunan güclü qar yağışı bir sıra fəsadlara yol açıb. Bir çox ərazilərdə avtomobil yolları iflic vəziyyətinə düşüb, bəzi bölgələrdə elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranıb, piyada və nəqliyyat hərəkəti ciddi çətinliklərlə üzləşib.
Paytaxt Bakı şəhərində də qar və buzlanma avtomobil sürücüləri üçün müəyyən problemlər yaratsa da, aidiyyəti qurumların vaxtında gördüyü tədbirlər nəticəsində əsas yolların operativ şəkildə təmizləndiyi və yaranmış çətinliklərin qısa müddətdə aradan qaldırıldığı müşahidə olunub.
Lakin təqdim edilən havafoto görüntülər tam fərqli bir mənzərəni ortaya qoyur. Qarabağ bölgəsinə, o cümlədən Cəbrayılın Horovlu kəndinə güclü qar yağmasına baxmayaraq, salınmış qəsəbədə vəziyyət tam nəzarət altındadır. Yuxarıdan çəkilmiş kadrlar göstərir ki, qar örtüyü ərazini bütövlükdə bürüsə də, avtomobil yolları və piyada keçidləri vaxtında və mütəmadi olaraq təmizlənib.
Video Telegram kanalımızda!
Məsul qurumların və aidiyyəti şəxslərin təbii hadisəyə çevik və peşəkar yanaşması nəticəsində kənddə nəqliyyatın hərəkəti fasiləsiz təmin olunub, sakinlərin gündəlik rahatlığı qorunub saxlanılıb. Yollarda aparılan təmizləmə və təhlükəsizlik tədbirləri davamlı xarakter daşıyıb.
Eyni zamanda görüntülərdə aparılan quruculuq və tikinti işlərinin yüksək keyfiyyəti də aydın şəkildə hiss olunur. Güclü qar yağmasına baxmayaraq, infrastruktura hər hansı zərərin dəyməməsi, görülən işlərin peşəkar və təcrübəli mütəxəssislər tərəfindən icra edildiyini bir daha sübut edir. Bu isə yaşayış məntəqəsinin dayanıqlı və uzunmüddətli istismara hesablandığını göstərir.
Aparılan müşahidələr və kənd sakinləri ilə söhbətlər zamanı da yerli əhalinin görülən işlərdən, xüsusilə də məsul qurumların vaxtında və operativ fəaliyyətindən razılıq ifadə etdiyi, təşəkkürlərini bildirdiyi məlum olub.
“DogruXeber.tv”nin əldə etdiyi məlumata görə, bu cür yanaşma çətin hava şəraitində belə insanların təhlükəsizliyinin və rahatlığının təmin olunmasının mümkün olduğunu bir daha nümayiş etdirir.






























