Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, simvolu kimi bundan sonrakı nəsillər üçün də əbədi qürur mənbəyi olacaqdır
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədildi. Bu qanlı hadisənin əsas məqsədi öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq və suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq, müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz şəkildə ortaya çıxardı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücü ilə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutuldu, kütləvi şəkildə qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət olundu.
Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən acı həqiqəti kimi qəbul edildi. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hamıdan əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra – 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu sərt şəkildə ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı faciəyə verilən ilk siyasi qiymət oldu.
Bu il xalqımız 20 Yanvar hadisələrinin 36-cı ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını qürurla xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında – Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də əbədi qürur mənbəyi olacaqdır.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal




















