Sarsılmaz müttəfiqlik münasibətləri
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bu eyni zamanda sarsılmaz müttəfiqlik münasibətlərinin təzahürü idi.
Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsidir. Bu Bəyannamənin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafına zəmin yaradır. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə olan birgə addımları özündə ehtiva edir. Eyni zamanda Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır və bölgədə inteqrasiya proseslərini stimullaşdırır.
Bütün bunlarla yanaşı əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırılması, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasında tarixi razılaşmanın rolu olduqca böyükdür. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkələrimizin beynəlxalq nüfuzunu artırır. Sözsüz ki, ölkələr arasında münasibətlərin gələcəyinin müəyyən olunması və iki dövlət arasında əlaqələri ən yüksək səviyyəyə qaldırılmasında Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatı hesab olunur.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir.
Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə ilə Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olub. Bütün bunlarla yanaşı tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparır. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər.
Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta ümumtəhsil məktəbinin direktoru